Rusiya XİN: Cənubi Qafqazda sabitliyə aparan yol üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir

Cənubi Qafqaz regionunda sabitliyə aparan yol üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibəti ilə bağlı bəyanatında bildirilib.
"Biz əsas müttəfiq mövqeyindən İrəvana müdafiə qabiliyyətini və sərhəd təhlükəsizliyini gücləndirməkdə, qonşuları ilə əlaqələri normallaşdırmaqda kömək etməyə davam etməkdə qərarlıyıq. Əminik ki, regionda sabitliyə aparan yol 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir. Rusiya sülhməramlı kontingenti Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas amil olaraq qalır", deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.