Partiyalar dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərə bilməyəcək

Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək

"Siyasi partiyanın Azərbaycan hüdudlarından kənarda istənilən növ hesab açması qadağandır. Partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir"

  Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Qeyd olunub ki, yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib. Qabaqcadan bildirildiyi kimi, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. İlk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir. İctimai dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək. 

Siyasi partiyanın təsisi üçün üzvlük tələbi 10 dəfə artırılır

  Azərbaycanda siyasi partiyanın təsis edilməsinə dair yeni tələblər müəyyənləşir. “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantına əsasən, siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilmir. Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilir. 
  Siyasi partiyanın hansı hallarda ləğv ediləcəyi də müəyyənləşməkdədir. Layihəyə əsasən, siyasi partiya Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məsələn, Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etmədikdə siyasi partiyanın fəaliyyəti dayandırıla bilər. 

Siyasi partiyaların yaradılmasına və fəaliyyətinə hansı hallarda yol verilməyəcək? 

  Azərbaycanda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcəyi hallar müəyyənləşib. Siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə bu hallarda icazə verilmir: "Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi, terrorçuluğa açıq çağırışlar, terrorçuluğun, dini ekstremizmin və digər ayrı-seçkiliyin təbliği zamanı partiya təsisinə imkan verilmir. Eyni zamanda Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir. Həmçinin, Silahlı Qüvvələrdə, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır".

  Siyasi partiyaların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək. Layihəyə əsasən, siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər. Bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur. Partiyalar öz hüquqlarından sui-istifadə etməməlidir. Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır".

"Siyasi partiyaya illik üzvlük haqqı 10 min manatı keçə bilməz"


  Siyasi partiyanın maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsinin qadağan olduğu hallar açıqlanıb. Vurğulanıb ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar tərəfindən partiyaların maliyyələşməsi qadağandır. Həmçinin, beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər də partiyaya maliyyə yardımı edə bilməz. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir. Siyasi partiyanın Azərbaycan hüdudlarından kənarda istənilən növ hesab açması qadağandır. Partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir.