Ermənilər keçmişə deyil, gələcəyə baxmalıdır

Zaur Məmmədov: "Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər"

  Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının üzvü Arman Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzusunun müzakirə edilmədiyini və mümkün sazişə bu mövzunun aid olmadığını açıqlayıb. O, bu məlumatı Paşinyanın öz fraksiyası ilə görüşdə verdiyinə istinad edib. Erməni tərəfi həmişəki kimi daxili auditoriyanı aldatmaqla məşğuldur. Bəli, doğrudan da Azərbaycan-Ermənistan arasında açılım prosesində Qarabağ müzakirə olunmur. Çünki bu məsələ ölkəmizin daxili işidir. Bakı nə ATƏT-lə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrindədir. Prezidentin qeyd etdiyi kimi Qarabağa heç bir "status" verilməyəcək. İndiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağdan imtinası, Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? 

  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Azərbaycan o şərtlə danışıqlarda iştirak edir ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər:

 "Məlum məsələdir ki, Qərbi Zəngəzurun və Göyçənin birtərəfli qaydada qeyri-qanuni şəkildə kommunistlər tərəfindən Ermənistana verilməsinin heç bir hüquqi əsası yoxdur. Elə bu yaxınlarda Qərbi azərbaycanlıların icmasının fəaliyyətə başlaması da ondan xəbər verir ki, tarixi ədalət mütləq şəkildə bərpa ediləcək. 

Öz növbəsində Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməli, "Müstəqillik haqqında Akt"ına dəyişiklik etməlidir. 1991-ci ildə Ermənistan tərəfindən qəbul edilən bu sənədin 1989-cu ilin Ermənistan Ali Məclisinin qərarı əsasında hazırlandığı qeyd edilir. Əlbəttə, 2 dekabr tarixində qəbul edilən kağız parçasının heç bir hüquqi qüvvəsi yoxdur. Lakin bu və ya digər şəkildə gələcəkdə mümkün iddialardan sığortalanmaq üçün Ermənistanın rəsmi şəkildə Qarabağ və Ağrı dağından imtinası çox vacibdir.

  Hər halda hadisələr çox dinamikdir və region ətrafında baş verəcək hadisələrin küləyini hiss edəcəyimiz istisna deyil. Hayların öz aləmlərində apardıqları oyun onu göstərir ki, hər addımları ilə İrəvandan o tərəfə qovulmaları fantastik arzu olmayacaq".