Putinin əli hələ də Paşinyanın çiynindədir

O, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir

  Dünən Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumu çərçivəsində baş tutub. Putin çıxışında ikitərəfli münasibətlərin səviyyəsindən danışıb. O, eyni zamanda, iki ölkə arasında ən həssas məsələlərdən birinin Qarabağ olduğuna diqqət çəkib. Putin Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

  Görüşlə bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin bir sıra məqsədləri var. 

Analitik qeyd edib ki, Vladimir Putin ikili oynayır: "Putin bir tərəfdən Azərbaycanla strateji tərəfdaşlıqdan danışır. 

Digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib. 

O, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir. 

Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının yol boyu hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır".