Paşinyan Rusiyadan imdad diləyir

Baş nazir diqqəti yeni toqquşmaların ola biləcəyinə yönəldir

  Ermənistanın təhlükəsizlik üzrə əsas tərəfdaşı olan Rusiyanın əsas diqqətini Ukrayna ətrafındakı vəziyyətə yönəltməsi regionda sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu fikirləri ötən gün Rusiyada səfərdə olmuş Ermənistan Baş naziri Nikol Paşinyan söyləyib. Baş nazir bildirib ki, region çətin günlərini yaşayır: "Burada uzun müddətdir mövcud olan çətinliklər ortaya çıxır və ya kəskinləşir. Bunlar, ilk növbədə, təhlükəsizliklə bağlı problemlərdir. Bu, bütün dünya ictimaiyyətinin, xüsusən də Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə əlaqədardır. Bu, regionumuzda sabitliyin pozulması ilə bağlı spesifik qorxulara səbəb olur”. Paşinyan 44 günlük müharibəni “Azərbaycanın dünyanın diqqətinin pandemiyaya yönəlməsindən istifadəsi” kimi qələmə verib. Bölgədəki hazırkı vəziyyəti “2020-ci ildəki vəziyyətlə” eyniləşdirib. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Paşinyan bununla diqqəti yeni toqquşmaların ola biləcəyinə yönəldir və ilk baxışdan belə görünür ki, Rusiyanı “Azərbaycanın qarşısını almağa” çağırır. Analitikə görə, mövcud danışıqlar fonunda yeni eskalasiya razılaşmaların uzanması, masadakı gündəliyin müəyyən qədər də olsa arxa plana keçməsi üçün İrəvana daha çox sərf edir: 

"Bu baxımdan, erməni baş nazirin “eskalasiya xəbərdarlığı” daha çox alibi qazanmaq məqsədi kimi görünür. Ermənistan sərhəd boyunca təxribatları artan xətt üzrə inkişaf etdirə və mümkün eskalasiyada “Azərbaycan diqqətin Ukraynaya yönəlməsindən istifadə edir” gündəmini yarada bilər. 

Paşinyanın kommunikasiya xətlərinin açılması məsələsində “ölkələrin suverenliyi” prinsipini təkrarlaması, Zəngəzur dəhlizinin “yol məntiqi” ilə icrası mövqeyini yenidən dilə gətirməsi bu kontekstdə diqqət çəkir. 

İrəvan anlayır ki, razılaşmaların icrasının uzanması, xüsusilə rusların marağında olan kommunikasiyanın açılmaması məsələlərin “hərbi yolla həllini” aktuallaşdıracaq.

 Lakin Bakının prosesi yetişdirmədən mümkün hərbi varianta getməyəcəyi, “qazana bilməyəcəyi döyüşə girməyəcəyi” bəllidir. İndi masada danışıqların getdiyi vaxt eskalasiyanın baş verməsi isə Ermənistana sərf edə bilər".