Paşinyan ordu daxilindəki rus qüvvələri təmizləməlidir

Əks təqdirdə onun sülh istiqamətində atacağı addımlar sabotaj olunacaq

  "Ermənistanın dövlət sərhədində atəşkəsi mütəmadi pozması, xüsusilə Brüssel görüşündən sonra bu halların baş verməsi, rəsmi İrəvanın danışıqlarda vaxt qazanmağa çalışdığını göstərir". Bu barədə "Şərq"ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, ordu daxilində Rusiyaya yaxın generallar təxribatların davam etməsində maraqlıdır: "Nikol Paşinyan ordu daxilində Rusiyaya yaxın qüvvələri təmizləmədikcə, sülh istiqamətində atacağı addımlar sabotaj olunacaq. Moskva danışıqlar masasını pozmaq üçün Ermənistan rəsmilərinə təzyiqlər edir. Məhz Kəlbəcər və Laçında atəşkəsin mütəmadi pozulması bunu göstərir. Putin və Paşinyan arasında keçirilən danışıqlardan sonra Rusiyada Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşünün baş tutma ehtimalı var. Hazırda Moskvanın davranışları heç də iki ölkə arasında real sülhün əldə edilməsinə hesablanmayıb. Ona görə də rəsmi Bakı Rusiyanın vasitəçiliyində maraqlı deyil". 

  Ekspertin fikrincə, Kreml rəhbəri Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan və Ermənistan arasında real sülhün əldə edilməsində maraqsızdır:

 "Paşinyanın hansı mövqe tutmasından asılı olmayaraq, Brüsselin vasitəçiliyindən imtinası mümkün görünmür. Bu, Paşinyan hakimiyyətinin sonu ola bilər. Ümumiyyətlə, Azərbaycanla sülh müqaviləsinin bağlanması erməni baş nazirin hakimiyyətdə qalması üçün sığortasıdır".