“Siyasi partiyalar haqqında” yeni qanunun  hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilib

"“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir". 

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib: 

"Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini zəruri edir. Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün müraciət ediblər. Qeyd etmək lazımdır ki, qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf fşəkildə təşkil edilib. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Sentyabrın 28-nə qanun layihəsinin ilk ictimai dinləmənin keçirilməsi təyin edilib. Layihənin hazırlanmasında siyasi partiyaların iştirakı təmin edilib. Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət etmişdir. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim etmiş və yeni qanunun hazırlanmasında bu təkliflərdən istifadə edilmişdir".

C.Məmmədov vurğulayıb ki, sənədlərin hazırlanmasına önəmli məqamlardan biri layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsidir: 

"Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bu eyni zamanda, sözügedən qanunun hazırlanmasına göstərilən diqqətin və həssaslığın göstəricisidir. Sonda onu da qeyd etmək lazımdır ki, Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır. Sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək. Bu da öz növbəsində qanunun yüksək səviyyədə hazırlanmasına öz töhfəsini verəcək".