Səfərbərlik son çarədir, amma çıxış yolu deyil
"Bundan sonra baş verənlər Putinin "bıçaq üstündə gəzməsinə" bənzəyəcək"
Rusiyada Prezident Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra ölkədə vəziyyət qarışıb. Sentyabrın 21-dən başlayan səfərbərlik əhalinin etirazlarına səbəb olub. Bunun ardınca Putin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Məlumata görə, "qismən” səfərbərlik elan etdikdən sonra 261 min kişi ölkəni tərk edib. Xüsusən, Gürcüstana üz tutan insanların sayı durmadan artıb. Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olublar. Nəticədə sərhəddə ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır. Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı sərəncam vəziyyəti daha da gərginləşdirib. Bəzi insanlar qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır. Rusiya hökumətinə yaxın olan media qurumlarının bildirdiyinə görə, ilk olaraq xüsusi hərbi vəzifə təcrübəsi olanlar - atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər və sürücü-mexaniklər çağrılır. İkinci mərhələdə yaşı 35-dən aşağı olan əsgər və çavuşlar, 50 yaşa kimi orta rütbəli, 70 yaşa qədər isə yüksək rütbəli zabitlər səfərbərliyə alınır. Bundan əlavə, hərbi qeydiyyatda olan qadınlar, xüsusilə həkim qadınlar səfərbərliyə cəlb edilib. Lakin onların sayı hələlik çox azdır, yerli medialarda qeyd olunub.
Dağıstanda yerli hökumət idarələrinin birində işləyən vətəndaş bildirib ki, onların olduğu ərazidə yaşından və hərbi xidmət vəzifəsindən asılı olmayaraq 50 yaşa kimi hər kəsi yığıb aparıblar: "Yararlı, yararsız, hətta kantuziyası olan adamları belə səfərbərliyə alıb, aparıblar, vəziyyət çətindir, burada hər kəs narahatdır".
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur. Peskov ölkənin hansısa regionunda hərbi vəziyyətin tətbiqi ilə bağlı heç bir qərarın hələ qəbul edilmədiyini söyləyib.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Rusiya Ukrayna müharibəsində düşdüyü çıxılmaz duruma görə qismən səfərbərlik etmək məcburiyyətində qaldı. Analitikə görə, bunun son çarə olduğu aydındır: "Putin, necə deyərlər, son kartını oynamağa başladı. Bundan sonra baş verənlər Putinin "bıçaq üstündə gəzməsinə" bənzəyəcək.
Səfərbərliyin asan keçəcəyini gözləmək olmazdı. Etirazlar Putin üçün təhlükə olacaq. Azərbaycan üçün Rusiyada baş verən bu proseslərin birbaşa təsiri gözlənilmir. Ancaq bu prosesin özü təhlükəli tendensiyadır. Rusiyanın yığmağı planlaşdırdığı əsgər sayı ətraf respublikalar üçün təhlükə ola bilər.
Bununla yanaşı, Rusiyadan səfərbərlikdən yayınan insanların Azərbaycana gəlməsi də gərginlik mənbəyidir. Xüsusilə, orada yaşayan Rusiya vətəndaşı olan azərbaycanlıların ölkəyə qayıtmaq istəməsi problem yaradan amildir. Ukrayna-Rusiya müharibəsinin uzanması təkcə Azərbaycan yox, bütün dünya üçün təhlükə mənbəyidir. Putin nüvə silahı tətbiqindən danışır. Ona görə bu müharibənin tez sona çatması hamının təmənnasıdır”.
Analitikin sözlərinə görə, müharibənin tezliklə başa çatması gözlənilmir. Çünki tərəflərin mövqeyi buna yol vermir:
"Ukrayna son torpaqları Krım daxil azad edilməyincə razılığın olmasının mümkün olmadığını bəyan edir. Rusiya isə işğal etdiyi ərazilərdə referendum keçirməyə başlayır. Belə çıxır ki, müharibə hələ davam edəcək. Soyuq ayların başlamasını da nəzərə alsaq, ən azı gələn ilin ortalarına kimi müharibə uzanacaq. Əgər Rusiya məğlub duruma düşərsə, bu müharibəni ancaq Rusiyada hakimiyyət dəyişikliyi bitirə bilər”.