"Ərdoğanın Azərbaycana səfəri çox önəmlidir"

Ceyhun Məmmədov: "Zəngilanda növbəti dəfə Ermənistana və onu təxribatlara təhrik edən qüvvələrə sərt mesajlar, ismarıclar veriləcək"

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib. Səfir bildirib ki, Ərdoğanın ölkəmizə növbəti səfəri Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə bağlıdır. Bağçı vurğulayıb ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir, texniki uçuş sınaqları həyata keçirilir. Xatırladaq ki, Türkiyə lideri 2021-ci il oktyabrın 26-da Füzuli beynəlxalq hava limanının açılışında da iştirak etmişdi.   Ekspertlərin fikrincə, indiki məqamda, gərgin geosiyasi şəraitdə Ərdoğanın Zəngilan beynəlxalq hava limanının açılış mərasiminə qatılması və liderlərin bölgədən verəcəkləri mesajlar xüsusi önəm kəsb edir. 

  Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri davamlı inkişaf etməkdədir. Deputatın sözlərinə görə, hər iki ölkə lideri qarşılıqlı şəkildə həm Türkiyədə, həm də Azərbaycanda strateji əhəmiyyət kəsb edən obyektlərin açılışında iştirak edirlər: 

"Biz davamlı olaraq bunun şahidi oluruq. Xatırladım ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin hava limanının açılışına qatılmışdı. İndi növbəti dəfə hər iki ölkənin lideri Zəngilan Beynəlxalq Hava Limanının açılışında bir araya gələcəklər. Bu, çox önəmlidir. Hamıya məlumdur ki, Vətən müharibəsində qazandığımız qələbədə, torpaqlarımızın işğaldan azad olunmasında qardaş Türkiyənin rolu böyükdür. Cənab Ərdoğanın ölkəmizə hər səfəri bu dəstəyin nümayişidir. Zəngilanda növbəti dəfə Ermənistana və onu təxribatlara təhrik edən qüvvələrə sərt mesajlar, ismarıclar veriləcək. Bir daha çağırış ediləcək ki, əgər İrəvan təxribatlara son qoymazsa, sülh mesajlarına adekvat cavab verməzsə, Ermənistanın cavabı ağır formada veriləcək. Ümumən, Türkiyə prezidentinin səfərləri çox önəmlidir və qardaş ölkənin Azərbaycanın yanında olmasının ifadəsidir. Türkiyə daim, hər şəraitdə bizimlə bərabərdir. O baxımdan Ermənistan vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dərk etməlidir ki, ən kiçik təxribat cəhdlərinin qarşısı ən sərt formada alınacaq".