Moskvanın planıdır

Vardanyanı Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar

"Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb, Qarabağ separatçılarını tərksilah etməliyik"

  Erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Qarabağdakı qondarma rejimin "lideri" Araik Arutyunyan Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. Bu, separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır. 
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Araik Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə cəhd göstərir. İmkanı olsa Qarabağı da tərk edər. Ekspertin sözlərinə görə, böyük ehtimalla Arutyunyanın yerini Ruben Vardanyan tutacaq: "Bu, Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçıların başına, hər şey plan üzrə gedərsə, Ermənistanda Baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Koçaryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi. Ruben Vardanyan bizə Qarabağı tam nəzarətə götürməyə mane ola bilərmi? Vardanyan Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik. Məsələn, Vardanyan Kremlin təlimatıyla Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələrin Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb, Qarabağ separatçılarını tərksilah etməliyik. Bölgənin hər yerində Azərbaycan qanunlarının icrasını təmin etməliyik. Bir də Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik".