Ermənistanın vaxt qazanmaq şansı da azalır


Azərbaycan öz təhlükəsizliyini təmin etmək və preventiv addımlar atmaqla sülhə məcburetmə əməliyyatı keçirə bilər


  "Minsk qrupunun etdiyi yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə legitimləşdirmək olub". Bu sözləri Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, BMT, ATƏT və digərləri kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, biz müvəffəq ola bilmədik. Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir növ göz yummağa qərar verdi. 

Ölkə rəhbəri qeyd edib ki, ən təəssüf doğuran isə o idi ki, ATƏT-dən mandatı olan struktur “Minsk qrupu” və onun həmsədrləri işğal altındakı əraziləri dəfələrlə ziyarət etdilər. Bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid oldular. Ancaq Ermənistanı qınamadılar: "Bu 28 illik “fəaliyyət” boyunca onlar tərəfindən Ermənistana bircə kəlmə də olsa qınaq yox idi. Əlbəttə, biz indi bu Minsk qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. 

Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu. Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar".
  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, dövlət başçısı dəfələrlə bəyan edib ki, artıq belə bir vasitəçiyə ehtiyac qalmayıb. Prezident bununla da ABŞ, Fransa və Ermənistanın Minsk qrupunun yenidən fəaliyyətə başlamaq istəklərinin üzərindən xətt çəkdi: "Rəsmən Minsk qrupunun fəaliyyətindən imtina olundu. Bu o deməkdir ki, "Qarabağ münaqişəsi" də yoxdur. Dövlət başçısı Ermənistanın danışıqlarda manipulyasiya etdiyini də vaxtı uzatdığını onlara baha başa gələcəyi mesajını verdi. Əgər Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin detallarını müzakirə edirsə, prosesdə real irəliləyişlər olmasa, Azərbaycan Ermənistana ciddi hərbi zərbələr endirəcək. Çünki Ermənistan bu kimi danışıqlarda vaxt qazanaraq strateji yüksəklikləri işğal etməyə çalışır. Ona görə də Azərbaycan öz təhlükəsizliyini təmin etmək və preventiv addımlar atmaqla sülhə məcburetmə əməliyyatı keçirə bilər. Bu, Ermənistana ciddi mesajdır. Prezidentin heç bir mesajı boşuna deyil və çox ciddi nəticələri olur. Bunun dəfələrlə şahidi olmuşuq".