Paşinyan sələflərini ictimai rəyə əsaslanıb söyür

Daxildən gələn sosial sifariş sülh sazişinin imzalanmasından yanadır

  Ermənistan Baş naziri Nikol Paşinyan öz sələfi Serj Sarkisyanın Qarabağ ətrafında danışıqlar prosesi ilə bağlı ona pis miras qoyduğunu bildirib. Baş nazir “Hökumət saat”ında çıxışı zamanı deyib ki, Sarkisyanın stolda qoyduğu danışıqlar əsl kapitulyasiya haqda sənəd idi: "O, kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”. Paşinyan çoxunun hazırkı hakimiyyəti Qarabağın Azərbaycanın ərazisi kimi tanıdığına görə tənqid edənlərə cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib: “Bunu bir neçə dəfə desəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı?

Bəli, bu, Vardan Oskanyanın (Robert Koçaryan dövründə XİN başçısı) zamanı olub. Çünki o zaman Madrid prinsiplərini danışıqları üçün əsas qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”. Paşinyan Vardan Oskanyan və sabiq Prezident Robert Koçaryanla yanaşı, sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilib: “Buna görə də onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”. Ermənistan lideri müxalifətin suallarına cavab verərkən deyib ki, Ermənistan üçün Qarabağı Azərbaycandan ayırmaq mümkün olmayacaq: "Mən təsdiq edirəm ki, biz sülh gündəliyini qəbul etmişik. Elan edilmiş düstura uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm. Son zamanlar gedən danışıqlar və onların məzmununa əsasən mən irəliyə doğru yolu görürəm".

  Paşinyanın Praqada baş tutmuş görüşlərdən bir gün qabaq bu tipli açıqlamalar verməsi ilə bağlı “Şərq”ə danışan siyasi icmalçı Azər Niftiyev bildirib ki, baş nazir mövcud reallığı nəzərə alaraq belə bir açıqlama ilə çıxış edib: 

“Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər əldə edərək, öz doğma torpaqlarını işğaldan azad edib. 10 noyabr üçtərəfli bəyanatında Paşinyan kapitulyasiya aktına imza atıb. Bundan sonra Ermənistanda revanşist qüvvələr ona qarşı siyasi etirazlara başlasa da, nəticəsi olmadı. Növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbəri olduğu siyasi blok yenidən üstünlük qazandı. Bu o deməkdir ki, artıq Ermənistan ictimaiyyəti müharibə istəmir. Daxildən gələn sosial sifariş sülh sazişinin imzalanmasından yanadır. Ermənistanın baş naziri anlayır ki, sülh sazişi imzalamadan ölkəsini fəlakətdən xilas edə bilməyəcək. Daxili narazılıqlar pik həddə çatacaq. Reallığı qəbul edir və Ermənistan xalqını da buna hazırlayır”.
  Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın Koçaryan və Sarkisyanla bağlı iradları doğrudur: “Adını çəkdiyi hər iki keçmiş prezident Ermənistana rəhbərlik etdiyi dövrdə açıq işğalçılıq siyasəti yürüdüb və Rusiyanın forpostu rolunda çıxış ediblər. Məhz elə Rusiyanın dəstəyilə bu işğalçılıq siyasətini davam etdiriblər. İqtidarda kimin olmasından asılı olmayaraq, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməli idi. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı onlara müraciət etdi. Açıq şəkildə deyirdi ki, qan tökülməsin və işğalçılıq siyasətinə son qoyulsun. Onlar isə bunu etmədilər. Paşinyan ona görə kapitulyasiya aktını imzaladı ki, onun başqa seçimi qalmamışdı. Çünki “Dəmir yumruq” başında idi. Müharibədə məğlub oldular və bu səbəbdən kapitulyasiyaya getdilər. Paşinyan bunu o zaman səsləndirə bilərdi ki, Ermənistan könüllü yolla torpaqları təhvil verəydi. O isə bunu etmədi”. A.Niftiyev əlavə edir ki, Ermənistanda siyasi münasibətlər olduqca gərgindir və Paşinyan bu bəyanatla həm də özünü sığortalamağa çalışır: “Təbii ki, Robert Koçaryan, Serj Sarkisyan və onun kimi digər revanşist qüvvələr işğalın qarşısında dayanan yekə sədlər idi. Bu gün artıq onlar yoxdur. Siyasi dayaqlarını tamamilə itiriblər. Lakin bununla yanaşı siyasi mübarizə bu gün də davam edir. Paşinyan özünü mümkün siyasi risklərdən qorumağa çalışır və söylədiyi fikirlərin mahiyyətində həm də bu məqam dayanır”.