Uğurlu xarici siyasət - Qətiyyət və inam... 


Prezidentin xarici siyasəti uğurlu nəticələr verir
Artıq Azərbaycan Avropa üçün arzuolunan və etibarlı tərəfdaş dövlətdir
  Azərbaycan dövlətinin yürütdüyü daxili və xarici siyasət beynəlxalq aləmin diqqət mərkəzindədir. Artıq beynəlxalq arenada Azərbaycanın mövqeyi möhkəmlənib. Prezident İlham Əliyevin diplomatik səriştəsi və qlobal məsələlərlə bağlı irəli sürdüyü təşəbbüslər Azərbaycanın nüfuzunu daha da yüksəklərə qaldırıb. Bu baxımdan Azərbaycan dövlətinin Prezidenti olaraq İlham Əliyevə xüsusi simpatiya var. Biz Sofiya və Praqa görüşlərində bir daha bunun şahidi olduq. Sofiyada dövlətimizin başçısı haqqında deyilən qürurverci sözlər Praqada ona qarşı olan münasibətdə bir daha açıq-aydın görünürdü. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çex Respublikasının Baş naziri Petr Fialan tərəfindən Praqaya - “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması da bu rəğbətdən irəli gəlir. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında səmərləri və faydalı əməkdaşlığın perspektiv inkişafının göstəricisidir. Prezident İlham Əliyevin Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində dediyi kimi, Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır: “İlk növbədə, enerji sahəsində. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb”.
  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri,
jurnalist Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında deyib ki, Avropa liderləri Azərbaycana geosiyasi olaraq ümid yeri kimi baxırlar. Ekspert bildirib ki, maraqlı bir siyasi paradoks yaranır: "Bir vaxtlar Azərbaycanın Avropaya inteqrasiya olunması məsələsi gündəm idi. Lakin Avropanın demokratik olaraq göstərdiyi qeyri-səmimilik, xüsusən Qarabağ məsələsində ikili standart mövqe sərgiləməsi qəbuledilməz idi. Bu gün isə belə desək, Avropa Azərbaycana inteqrasiya etməyə çalışır. Azərbaycan hər zaman Avropaya, ümumiyyətlə, beynəlxalq əməkdaşlıqda səmimilik və dostluğa, eyni zamanda siyasi dialoqa üstünlük verir. Görünür, buna görədir ki, Azərbaycan Avropa üçün arzuolunan və etibarlı tərəfdaş dövlətdir. Bu gün beynəlxalq arenada Azərbaycana inam və etimad var. Bütün bunlar da cənab Prezidentin apardığı düşünülmüş xarici siyasətin, eləcə də ali dəyərlərə xas olan şəxsi keyfiyyətlərinin nəticəsində əldə olunub. Praqa görüşləri Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması prosesində dönüş nöqtəsi oldu. Ermənistan hər zaman regionda sabitliyin pozulmasına çalışıb. İllərdir Ermənistanın sülh danışıqlarına məhəl qoymaması elə bu işğalçı ölkənin özü üçün mənfi sonluqla, 44 günlük Vətən müharibəsində məğlubiyyətlə nəticələndi. Təəssüf ki, bu gün də rəsmi İrəvan sülhün əleyhinədir. Ermənistan nə qədər təxribatlar edib bu prosesə maneə olmağa çalışsa da, Praqa da sülh üçün məcburi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanatı qəbul etdi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Bu, cənab Prezidentin xarici siyasətinin uğurlu nəticəsidir. Dövlətimizin başçısının diplomatik çevikliyi və qətiyyəti sayəsində Ermənistanın Baş naziri Nikol Paşinyan dalana dirənmiş formada qaldı. Praqadakı dördtərəfli görüş sülh üçün atılan mühüm addım olaraq qiymətləndirilməlidir. Adətən Qarabağ məsələsinin nizamlanması prosesində liderlərin üçtərəfli görüşü olub. Belə ki, Vətən müharibəsindən sonra Moskvada və Brüsseldə bir neçə dəfə üçtərəfli görüşlər keçirilib. Bu görüşlərdə mərhələli şəkildə sülhə yaxınlaşma olmuşdu. Praqadakı görüşlərdə Ermənistandan başqa, tərəflərin mövqeyi üst-üstə düşürdü. Belə bir məqamda Paşinyan üç liderin mövqeyinə qarşı gedə bilmədi. Aciz duruma düşən Paşinyan sülhə məcburi şəkildə gəldi. Bununla dövlətimizin başçısının Praqada dediyi “sülhə yavaş-yavaş yaxınlaşırıq” fikri özünü doğruldur".
  F.Hüseynzadə vurğulayıb ki, diqqət çəkən məqam, Azərbaycan Prezidentinin bu görüşlərdə mövqeyinin öndə və mərkəzdə olması idi: "Hər zamankı, kimi cənab Prezident Praqa görüşlərində də söz sahibi və haqlı olduğunu sübut etdi. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılması istiqamətində Praqa görüşlərində əldə olunan nəticələr dövlətimizin diplomatik uğurunun təntənəsidir. Praqa görüşləri və qəbul olunmuş Bəyanat sülh üçün normallaşma prosesini daha da sürətləndirəcək. Sülh müqaviləsinin imzalanmasında əsas çətin durum yaradan sərhədlərin delimitasiya olunması, eləcə də Zəngəzur dəhlizinin yaranması məsələsinin Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin mülki missiyasının göndərilməsi ilə daha tez həll olunmasına ümid yaradır".