Avroparlamentdə ermənilərə tərs şillə vuruldu

Brüssel yeni proseslərdə məhz rəsmi Bakının mövqeyi ilə razılaşdığını qeyd etdi

  "Avroparlamentdə Azərbaycan və Ermənistan arasındakı proseslərlə bağlı ermənillərə tərs şillə vurdular". Bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Ekspert bildirib ki, heç bir sanksiyadan və enerjiyə embarqodan söhbət gedə bilməz: "Zəngəzurla bağlı məsələni çıxmaq şərti ilə bütün istiqamətlərdə Brüssel yeni proseslərdə məhz rəsmi Bakının mövqeyi ilə razılaşdığını qeyd etdi. Zəngəzura dəhliz statusunun verilməməsi Laçın koridorunun statusuna da yenidən baxılmanı gündəmə gətirəcək.

Dinləmələrdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin Toivo Klaarın mövqeyi belə oldu: "Minsk Qrupu leqal şəkildə fəaliyyət göstərir. Lakin Azərbaycan bu formatı aktual hesab etmir. Əsas odur ki, beynəlxalq birlik Azərbaycana və Ermənistana sülhə yaxınlaşmağa kömək edir". Göründüyü kimi, Minsk Qrupunun artıq işlək format olmaması, onun yerinə Brüssel platforması Toivo Klaar tərəfindən qəbul olunur. Klaarın digər ifadəsi isə belədir: "1990-cı illərdəki Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı itkin düşdü. Bu məsələ həllini tapmalıdır". Məlumdur ki, azərbaycanlı itkin düşmüşlər məsələsi müharibədən sonra ilk dəfə Prezident İlham Əliyev tərəfindən məhz Aİ platforması çərçivəsində səsləndirilib. 

2021 -ci ilin dekabr ayında Brüsseldə  Şarl Mişelin iştirakı ilə üçtərəfli, bu ilin fevral ayında onlayn formatda Makronun  iştirakı ilə dördtərəfli  görüşdə bu məsələ qəbul edilib.

 Hətta həmin vaxt Aİ-nin üzərinə itkin düşmüşlərin tapılması ilə bağlı missiya da qoyulmuşdu. Təsadüfi deyil ki, Ermənistandakı ekspertlər Toivo Klaarın azərbaycanlı itkin düşmüşlərlə bağlı bəyanatını kəskin tənqid edirlər". 

  Z.Məmmədova görə, Aİ rəsmisi "Qarabağdakı ermənilərin hüquq və təhlükəsizlikləri yerinə yetirilməlidir" deməklə də göstərir ki, Aİ Qarabağ ermənilərinin öz müqqədəratını təyin etmə hüququ ifadəsindən istifadə etmir: 

"Əvəzində hazırda danışıqlarda qəbul edilən formulalardan bəhs olunur. Bu isə o deməkdir ki, Aİ Azərbaycan kimi Xankəndidəki qondarma institutların ləğv edilməsinin tərəfdarıdır. Ən əsası isə Qarabağın dağlıq hissəsinin Azərbaycan ərazisi olduğunu qəbul edir. 13-14 sentyabr tarixlərində baş vermiş döyüşlərlə bağlı "işğal" deyil, əraziyə daxil olma ifadəsi işlədildi. Beləliklə, bəzi avroparlamentarilərin və Ermənistanın arzuları növbəti dəfə puç oldu".