Paşinyanı daha da "odun-alovun" içinə itələyirlər

Qərbin missiyasının Ermənistana gəlməsi İranın və Rusiyanın aqressiyasına səbəb olacaq

  Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi yönündə addımlar atılır. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib ki, Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Onun sözlərinə görə, bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq. Klaar bildirib ki, Fransa müzakirələr prosesində ən yüksək səviyyədə iştirak edir. 

ABŞ da yüksək səviyyədə təmsil olunur: "Biz tərəfləri sülh istiqamətində konkret addımlar atmağa, əldə olunan razılaşmaların müddəalarına əməl etməyə təşviq edirik. Avropa İttifaqı Cənubi Qafqazda əlaqələrin normallaşmasına töhfə vermək istiqamətində yaxşı mövqedədir. Regionda vəziyyət çox təhlükəli olaraq qalır, vəziyyət qeyri-stabildir. Ötən otuz ildən bəri qalmış qəzəb hissi var. 

Ancaq biz bu iki ölkənin qonşuları olaraq onlara kömək etməliyik. Kömək etməliyik ki, bunun öhdəsindən gəlsinlər. Çünki bu, çiçəklənən, sülhün olduğu Cənubi Qafqaz üçün vacibdir. Ədalətli sülhün əldə olunması istiqamətində görüləcək işlər çoxdur”. 

Məlumat üçün bildirək ki, Avropa İttifaqından texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün İrəvana səfər edib. Ermənistan Xarici işlər nazirinin müavini Paruyur Ovannisyan deyib ki, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün Ermənistana gəlib: "Bu məsələlər hələ müzakirə olunur".

Qeyd edək ki, beynəlxalq missiya məsələsində Azərbaycanı narahat edən əsas məqam Fransanın prosesdə yer almaq istəməsi, bölgədə baş verənlərə yenidən "burnunu soxma" cəhdləridir. 

Fransanın qərəzli və ermənipərəst mövqeyinə bələd olan rəsmi Bakı buna qətiyyətlə qarşı çıxır. Bu arada Ermənistan və Azərbaycan sərhədinə Aİ müşahidəçilərinin mülki missiyasının göndərilməsinə hazırlıq fonunda Rusiya təklif edib ki, İrəvan KTMT missiyasını da Ermənistana dəvət etmək qərarına gəlsin. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Astanada Ermənistanın Xarici işlər naziri A.Mirzoyanla görüşündə  bildirib ki, bu addımın məsuliyyəti Ermənistanın üzərindədir: "Tələb olunan yeganə şey Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır, onu KTMT sədri (sədr Ermənistandır) çağırmalıdır”. Yəni Lavrov İrəvana xatırladıb ki, NATO-nun qapılarını döyüb KTMT-dən kömək istəmək məntiqsizdir. Rusiya Ermənistanın özünü bu addımı atmağa məcbur etmək istəyir. Əsas məqsəd İrəvanın qərbpərəst oyununu onun öz əli ilə sındırmaqdır. 

  Millət vəkili Elman Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq missiyasının əziyyətini 28 il çəkib. Deputat bildirib ki, ATƏT-in Minsk qrupu 28 il ərzində ermənilik edə-edə torpaqlarımızın işğalda qalmasına şərait yaradıb: 

"Elə bu kimi səbəblərə görə, cənab Prezident beynəlxalq missiyanın Azərbaycan ərazisində olmasına qarşı çıxdı. Azərbaycan tərəfi vurğuladı ki, əgər İrəvan xarici missiya istəyirsə, onlar buyurub Ermənistana gələ bilərlər. Ancaq bizim ərazimizdə işləri yoxdur. Lazım olan anda özümüz əlaqə saxlayaraq müəyyən məsələləri dəqiqləşdirərik. Praqada keçirilən görüşlərdə biz Fransanın dövlət başçısı və xarici işlər nazirinin ermənilərdən çox erməni olduğunu müşahidə etdik. Makron belə görüşlərdə Paşinyanın "şilləvuranı" kimi iştirak edir. 

Rəsmi Paris masada "Ermənistanı təmsilçisi" statusunda çıxış etməyə çalışır. Azərbaycan ictimaiyyəti açıq-aşkar Fransanın vasitəçiliyinə qarşı çıxır. Çünki Fransanın ermənipərəst mövqeyini, 28 il ərzində "həmsədr" kimi çıxardığı oyunları hamı yaxşı bilir. İndi beynəlxalq missiyanın yenidən bölgəyə girmək cəhdlərinin müəyyən səbəbləri var. 

ABŞ və Avropa Cənubi Qafqazda və Ermənistanda Rusiyanın nüfuz dairəsini, təsir gücünü zəiflətsin və sıfıra endirsin. Onların gəlişi xoşməramlı deyil. Dünyanın bir çox yerində fəaliyyətə başlamış mülki missiyaların sonrakı təşəbbüsləri də göz önündədir. Bir müddət yalan-dolan və qərəzli məlumatlar çatdırandan sonra "müzakirələrə" başlayırlar. Qərar verirlər ki, münaqişə bölgəsində mütləq Avropa Birliyinin hərbi gücü iştirak etməlidir. Ermənistanın, Fransanın, elə ABŞ-ın da istəyi budur. Beynəlxalq missiyaya arxayın olan Ermənistan, o cümlədən Qarabağdakı ermənilər min cür oyundan çıxacaqlar, növbəti təxribatlara əl atacaqlar. Azərbaycan Ordusu da onların layiqli cavabını verəndə beynəlxalq missiya qərəzli şəkildə məlumatlar yayacaq, Bakını ittiham edəcəklər". 

  E.Məmmədov bəyan edib ki, şübhəsiz, Qərbin Ermənistana gəlməsinin özü uzun müddətdir ermənilərlə dostluq-qardaşlıq edən, düşmənin qida borusuna çevrilən İranın özü üçün də ciddi təhdiddir: 

"Bu yaxınlarda Tehran hökuməti İrəvana öz narazılığını ifadə etdi. Beynəlxalq missiyanın bölgəyə gəlməsi, İranın qulağının dibinə yerləşməsi heç də Tehranın marağına uyğun deyil. Bu, erməni dostları tərəfindən İrana sürprizdir. Moskva da bu məsələ ilə bağlı ciddi narahatlığını və narazılığını bildirdi. Çünki Moskva da yaxşı bilir ki, İrəvana axışan Qərb ölkələrinin niyyəti bölgədə sülhə nail olmaq deyil. Hədəfin Rusiya olduğunu anlayırlar".