Putin Qərbin sülh təşəbbüsünə imkan verməyəcək! - "Yaxın günlərdə..."


Kreml rəhbəri liderlərin üçtərəfli görüşünü yaxın günlərdə reallaşdıracaq
  Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib. Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Eyni gündə Rusiya Xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Bundan başqa Lavrov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana Avropa İttifaqının İrəvana göndərdiyi missiyaya bənzər qrup yollaya bilər.
  Politoloq Elxan Şahinoğlu deyib ki, Kreml açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatdır. Putin və Lavrovun məntiqi isə sadədir: “İkinci Qarabağ müharibəsi Rusiyanın səyi ilə dayandırıldı. Məhz Kremlin vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında iki bəyanat qəbul edildi. İndi isə Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu, yolverilməzdir”. Fransa Prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı vəziyyəti daha da qəlizləşdirdi. Makronun açıqlaması Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı Kremlin fəallaşmasına şərait yaratdı.
  Siyasi şərhçi Asif Nərimanlı da vurğulayıb ki, Putinin müşaviri Yuri Uşakov Moskvanın bu istəyini öncədən açıqlamışdı: "Qərb cəbhəsinin Bakı-İrəvan xəttində təşəbbüsü ələ alması, rusların geriyə düşməsi də rus torpaqlarında üçtərəfli görüşün təşkil ediləcəyi gözləntisini artırırdı. Böyük ehtimalla Putin görüşü yaxın günlərdə təşkil etməyə çalışacaq. Çünki Praqa razılaşmasına uyğun olaraq Aİ-Fransa Ermənistana “mülki missiya” göndərilməsini sürətləndirir. Rusiya buna qədər təşəbbüsü yenidən ələ almaq istiqamətində addımlar atacaq. Sülh sazişi üzərində iki cəbhənin mübarizəsi regionda prosesləri yeni eskalasiyaya qədər apara bilər".