Böyük Britaniyanın baş naziri Liz Trasla bağlı bir neçə gündür iddialar səslənir. Fərqli Qərb KİV-in məlumatına görə, o, vəzifəsindən gedə bilər. Buna səbəb kimi Trasın iqtisadi siyasətindəki uğursuzluqları əsas gətirilir.
Məlum olduğu kimi, sentyabr ayında Liz Tras yeni baş nazir seçilmişdi. O, həmin vaxtadək ölkənin xarici işlər naziri kimi çalışırdı. Əslində Trasa ümidlər böyük idi. Bir çox analitikin fikrincə, o, ölkənin yeni “Demir ledi”si ola bilərdi. Xüsusilə Trasın keçmiş baş nazir Boris Consonun komandasından olması və Mühafizəkarlar Partiyasını təmsil etməsi ona olan etimadı daha da artırırdı.
Amma son günlər baş verənlər Trasın uğursuz olacağı ilə bağlı şübhələr yaradır. Belə ki, bu günlərdə ölkənin maliyyə naziri Kvasi Kvartenq istefaya göndərildi. O, 1 aydır bu postda idi. Fikrmicə, baş nazirin belə radikal atması məcburiyyətdən irəli gəldi. Ola bilsin, Tras bu yolla ictimaiyyətin ona olan inamsızlığını azaltmağa və bundan sonra hər şeyin yaxşı olacağına ümid yaratmaq istəyir.
Trasın silahladaşları- onun partiyasından olan bəzi siyasətçilər belə, artıq yeni hökuməti tənqid etməyə başlayıblar. Bundan sonra Britaniyada daha bir neçə nazirin vəzifəsindən azad edilməsi və Trasın iqtisadi siyasəti ilə bağlı radikal addımlar atacağı gözləniləndir. Hər halda hökumət başçısı ictimai rəyi dəyişməyə çalışacaq.
Əlbəttə, Tras vəzifəsində qalmaq uğrunda mübarizə aparacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, onun rəqibləri hazırkı durumdan yararlanmaq istəyə bilərlər.
Keçmiş baş nazir Boris Conson istefa verəndə bir çoxları düşünürdü ki, bu, siyasi həmlədir. Növbəti seçkilərdə Consonun namizədliyini verəcəyini və yenidən seçiləcəyinə dair ehtimal var idi. Amma belə olmadı. Buna baxmayaraq, belə bir ehtimal indi də var. Bəlkə də, Conson yenidən öz postuna keçəcək.
Tras ən qısa zamanda ölkədəki böhranın qarşısını almalıdır. Əks halda növbədənkənar seçkilərin keçirilməsi onun üçün ən yaxşı çıxış yoluna çevrilə bilər...