İrəvanın yalnız imza atması qalıb

Qarabağ torpaqları qarışına qədər Azərbaycanın nəzarətinə keçəcək

Ekspert: "Soçidə Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşdə sülh müqaviləsinin detalları müzakirə ediləcək"

  “Hraparak” nəşri məlumat yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi dairələrə Putinin üçtərəfli görüş təklifi ilə bağlı danışıb. Baş nazir bildirib ki, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə, hətta ölkədə hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, sülh müqaviləsinin Rusiya variantını imzalamayacaq. Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur. O bildirib ki, Azərbaycan Prezidenti Əliyev də Qərb variantının əleyhinə olduğundan saziş yaxın vaxtlarda imzalanmayacaq.

Siyasi şərhçi Qalust Qriqoryan da iddia edib ki, regiondakı mühüm məsələlərin əsas kuratoru daha Rusiya deyil: "Ermənistan hakimiyyəti anlayır ki, artıq bu işdə İran da heç nə edə bilməz. Bu iki ölkənin başı özlərinə qarışıb. Bu halda Bakı ilə İrəvan arasında əsas vasitəçi ABŞ-dır. Ermənistan hakimiyyəti son vaxtlar ciddi şəkildə tələsməyə başlayıb. Tez bir zamanda sülh müqaviləsini imzalamaq istəyir. 

Bunu ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan da dedi. O, İrəvanın bu işdə həvəsli olduğunu bildirdi. Bəzi mənbələrə əsasən, Rusiya bu işdə heç nə dəyişə bilməyəcək, baxmayaraq ki, Putin Əliyev və Paşinyanı sammitə çağırıb. Məsələyə nöqtəni Vaşinqton qoyacaq. Artıq sənəd də hazırdır. Razılaşmaya əsasən Qarabağ torpaqları qarışına qədər Azərbaycanın nəzarəti altına keçəcək. Qalıb İrəvanın qol çəkməsi. Aydındır ki, bu bizim üçün bu gün ən optimal yoldur. Respublikanı qorumaq üçün Qarabağı unutmalıyıq”. 

  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Rusiya tərəfini maraqlandıran Brüsselin vasitəçiliyinin qarşısını almaqla sülh sazişinə öz vasitəçiliyi ilə nail olmaqdır. Analitik vurğulayıb ki, bunun üçün praqmatik və beynəlxalq hüquqa söykənən addım atmır:

 "Ermənistan Baş naziri Nikol Paşinyan bu görüşdə "Qarabağda sabitliyi və təhlükəsizliyi müzakirə edəcəyini qeyd edib. Göründüyü kimi Paşinyan Qarabağla bağlı yekun "status" məsələsini qaldırmır. Bu o deməkdir ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, Azərbaycanın tərkibində Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini müzakirə edəcək.

 Ermənistan baş naziri Azərbaycanın daxili işinə qarışa bilməz. O, imzalanmış bəyannamənin şərtlərinə əməl etməlidir. Ona görə də rəsmi Bakı Qarabağdakı ermənilərin təhlükəsizliyini Paşinyanla müzakirə etməməlidir. Bununla yanaşı Paşinyan Qarabağda separatçı rejimə 20 milyard dram kredit ayırıb. Bu vəsait mənzil tikintisi və bank sektoruna, həmçinin silahlı erməni birləşmələrinin saxlanmasına xərclənəcək. Soçi görüşündə Ermənistanın bu məsələlərə son qoyması tələb edilməlidir".

  Ekspert qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşdə sülh müqaviləsinin detalları müzakirə ediləcək:

 "Moskvanın planında Qarabağın yekun "statusu" olduğu üçün Azərbaycan tərəfindən belə bir plan qəbul edilmir. Amma bu görüşdə sərhədlərin delimitasiya və demarkasiyası və Zəngəzur dəhlizinin açılması məsələsində irəliləyişin olması mümkün ola bilər. Moskvanın son davranışları göstərir ki, Rusiya irəliyə doğru addım atmaq istəmir. Soçi görüşü Ermənistan rəhbərliyi tərəfindən də ciddi qəbul edilmir. 

Moskva Ermənistan-Azərbaycan məsələsinə yalnız öz geosiyasi maraqları prizmasından yanaşdığı üçün təşəbbüs Brüsselin əlinə keçib. Təbii ki, Soçi görüşündə Rusiya obyektiv mövqe tutarsa, regional mövqeyini gücləndirə bilər. Amma anti-Azərbaycan və türkfobiya siyasəti buna imkan vermir. Bundan əlavə, Kreml rəhbərliyi reallıq hissini itirib və geosiyasi reallıqları obyektiv qiymətləndirməkdən uzaqdır. 

Putinin Ukraynada apardığı işğalçı müharibə fonunda Cənubi Qafqazda sülh sazişini həyata keçirməsi mümkün görünmür. Soçi görüşündən sonra silahlı erməni birləşmələri Azərbaycan ərazisindən çıxarılmasa və Zəngəzur dəhlizi ilə bağlı irəliləyiş olmasa, belə bir görüş əvvəlki görüşlərin Moskva tərəfindən  imitasiyalı davamı olacaq".