Mərkəz yenə də Tbilisi olacaq

Narahat olmasınlar, sülh sazişindən sonra Gürcüstan indikindən daha çox iqtisadi gəlir götürəcək

  "Cənubi Qafqaz respublikalarının iqtisadi əməkdaşlığının böyük perspektivləri var. İllərdir bunun qarşısında ən böyük əngəl Ermənistanın Azərbaycan ərazisini işğal etməsi, aqressiv və düşmən tutumu idi". Bu sözləri ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya təmsilçisi vurğulayıb ki, İkinci Qarabağ savaşından və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşməsindən sonra bölgədə dayanıqlı sülh üçün kövrək də olsa ümidlər yaranıb: "2021-ci ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub. 

Ötən il Cürcüstan ilə Ermənistan arasında ticarət dövriyyəsi isə cəmi 102 milyon 614 min dollar təşkil edib. Azərbaycanla Ermənistan arasında rəsmi heç bir ticarətin olmadığını nəzərə alsaq, Cənubi Qafqaz ölkələrinin qarşılıqlı ticarət dövriyyəsi cəmi 1 milyard 200 milyon dollar civarındadır ki, bu da çox aşağı göstəricidir.

Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən müəyyən dividendlər götürən ölkə Gürcüstan idi. Yol və kommunikasiyaların Gürcüstandan keçməsi, Türkiyənin Ermənistana satdığı malların məhz Gürcüstan üzərindən olması əlavə dividendlər gətirirdi. Bundan başqa, Türkiyədən Azərbaycana, Orta Asiyaya, qismən də Rusiyaya gedən bütün yük maşınları Gürcüstanın “Sarp” və “Axalsıx” sərhəd-keçid məntəqələrindən Gürcüstana daxil olaraq yüzlərlə km yol qət edib Azərbaycan sərhəddinə çatır. İllərdir yol boyu həmin yük maşınlarına görə böyük infrastruktur qurulub. Kafelər, restoranlar, motel və otellər, təmir məntəqələri - yüzlərlə belə obyeklərdə minlərlə Gürcüstan vətəndaşı çalışır. Onlar həm özləri qazanır, həm də vergi ödəyicisi olaraq büdcəyə də dəstək olurdular. Xülasə, son 30 ildə Gürcüstan münaqişənin iqtisadi “benefisiarı” idi". 

  Ekspert bildirib ki, məhz buna görə də Gürcüstan Cənubi Qafqazda nəzərdə tutulan yeni koridorların və logistik marşrutların onların iqtisadi maraqlarına toxuna biləcəyindən çəkinirdi:

 "Amma çəkinmələri yersizdir, qardaş Gürcüstan Respublikası bölgənin sülh və açılım şəraitində yaşamasından indikindən daha çox iqtisadi fürsət və gəlir götürəcək. Çünki hələ uzun müddət qarşılıqlı güvən təsis olunmayacağına görə Azərbaycan və Türkiyə biznesi Ermənistan-Tbilisi üzərindən açılacaq. Mərkəz yenə də Tbilisi olacaq, narahat olmasınlar. Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısı, dünyaya açılan qapısıdır. Bu, Zəngəzur koridorları açılandan sonra da belə qalacaq".

  N.Cəfərli hesab edir ki, ümumiyyətlə, zaman-zaman önə çıxan, sonradan unudulan “Ümumi Qafqaz Evi” ideyasının yenidən gündəmə gəlməsinin və altının doldurulması zamanıdır: 

"Ermənistanın təcavüzü ötən əsrin 90-larında bu işi pozdu. Münaqişə olmasaydı, hələ ötən əsrin sonunda hər üç respublika Baltikyanı ölkələr kimi Avropa məkanına inteqrasiya ola bilərdilər. Ermənilərin düşüncəsiz və aqressiv davranışları, işğal xülyaları Cənubi Qafqazı 30 il dala saldı. Amma necə deyərlər, “gec olsun, güc olsun”.