Səfir: “Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanı dəstəkləyir”

“Böyük Britaniya Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü işləri dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.
Səfir qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsasını təşkil edir.
"Əgər bu məsələ üzərində işləməsək, dünyada dəhşətli dəyişikliklər olacaq", - səfir əlavə edib.
O, ötən il Qlazqoda keçirilən İqlim Dəyişikliyi Konfransında (COP26) iştirakçı ölkələrin bu məsələ üzərində işləmək istəklərini ifadə etdiklərini xatırladıb.
Səfir, həmçinin Azərbaycanın Qlazqo konfransında iştirak etmək qərarını, eləcə də ölkənin iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyü işləri dəstəklədiyini bildirib