Yekun sülh sazişi dekabrda reallaşa bilər

Artıq Paşinyan da Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması üçün əngəlin qalmadığını bəyan edir

  Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında Türkiyə ilə münasibətlərdən danışıb. O bildirib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.
  Baş nazirin sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur. 
  Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan da Türkiyə ilə danışıqlarda irəliləyiş gördüyünü deyib. Bildirib ki, xüsusi nümayəndələrin iki ölkə sərhədlərinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə anlaşması var: "Proses davam edir. Ümid edirik ki, bu, yaxın zamanlarda müsbət nəticələrə gətirib çıxaracaq”. 

  Türkiyə parlamentinin erməni əsilli deputatı Qaro Paylan da yazıb ki, Türkiyə-Ermənistan sərhədini açmağın vaxtıdır: 

"Ermənistandan qayıdıram. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında möhkəm sülhün bərqərar olması və Türkiyə-Ermənistan sərhədinin açılmasının vaxtıdır. Müharibələrdə hamımız itirdik. İndi sülhə can ataq və birlikdə qalib gələk”. 
  Xatırladaq ki, Paylan bir neçə gün əvvəl Ermənistanda olub, burada Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, həmçinin sabiq prezidentlərlə görüşüb. Müzakirələrin əsas mövzusu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması olub. 

  Son vaxtlar Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası istiqamətində atılan addımlar aydın hiss olunur. Əlbəttə, bu məsələdə Bakının da rolu var. Ermənistan hakimiyyəti anlayır ki, Türkiyə ilə diplomatik münasibətlərin bərpasından sonra Azərbaycanla münasibətlərin normallaşması prosesi daha sürətli gedəcək. Ümumiyyətlə, Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasında maraqlı görünür. Əslində başqa real alternativi də yoxdur. Son vaxtlar İrəvanla Moskva arasındakı münasibətlərdə ziddiyyətlər yaşanır. Üstəgəl, Şərqi Avropada davam edən savaş Ermənistan hakimiyyətini ciddi narahat edir. Müharibənin necə nəticələnəcəyindən asılı olmayaraq, İrəvanı ancaq təhlükə gözləyir. İndi Ermənistan baş naziri üçün ən çətin məsələlərdən biri daxildəki radikal kəsimi Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırlamaqdır. Paşinyan onları inandırmalıdır ki, həqiqətən başqa yol yoxdur. 

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Praqa Bəyannaməsinin imzalanmasından və üçtərəfli Soçi görüşündən sonra Cənubi Qafqazda geopolitik situasiya tədricən aydınlaşmağa başlayıb. Xüsusilə də Cənubi Qafqazda sülh prosesinin mümkün istiqamətləri demək olar ki, dəqiqləşmiş kimi görünür. Analitikə görə, məsələ ondadır ki, Ermənistan Baş naziri Nikol Paşinyan BMT Nizamnaməsinə və Alma-Ata Deklarasiyasına istinad edilən Praqa Bəyannaməsini imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını rəsmən tanımış oldu:

 "Bu sənədin imzalanmasından sonra rəsmi İrəvan son ümidlərini məhz üçtərəfli Soçi görüşünə bağlamışdı. Ancaq Rusiyanın Ermənistana verdiyi görüşöncəsi vədlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi həmin ümidləri də boşa çıxardı. Baş nazir Nikol Paşinyan Soçi görüşündə də Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını növbəti dəfə rəsmən təsdiqləmək məcburiyyətində qaldı. Bununla da Rusiyanın vasitəçiliyinin sona çatdığı, Kremlin vədlərindən Ermənistan üçün yaxşı heç nə gözlənilmədiyi tam şəkildə ortaya çıxdı. İndi rəsmi İrəvan yenidən Brüssel platforması üzrə Azərbaycan ilə anlaşmaq məcburiyyətində olduğunu daha yaxşı anlayır. Paşinyan hakimiyyəti başa düşür ki, Ermənistanı xilas etmək baxımından, Azərbaycan və Türkiyə ilə eyni vaxtda anlaşma qaçılmazdır. Bu iki proses bir-birinə paralel şəkildə inkişaf edir. Rəsmi Ankara artıq dəfələrlə bəyan edib ki, Türkiyə Ermənistanla müzakirələrdə atdığı bütün addımları Azərbaycan ilə razlaşdırır. Yəni rəsmi İrəvanın Türkiyə ilə danışıqlarda irəliləyiş əldə etməsi Azərbaycan-Ermənistan sülh prosesinə hər hansı problem yaratmır. Əksinə, bu, o deməkdir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində də müəyyən müsbət irəliləyişlər mövcuddur. Hətta Azərbaycan-Ermənistan yekun sülh sazişinin məhz Gürcüstanın paytaxtı Tbilisidə imzalanmasına hazırlığın başlanması barədə ciddi məlumatların olduğu bildirilir".

  E.Xalidbəylinin sözlərinə görə, bütün bunlar göstərir ki, Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistan üçün qaçılmaz olduğunu artıq qəbul edib:

 "Ona görə də Baş nazir Nikol Paşinyan həm rəsmi İrəvan, həm də Ermənistan cəmiyyəti üçün Türkiyə ilə yeni və faydalı münasibətlər dövrünün başladılmasına qarşı hər hansı əngəlin olmadığını bəyan edir. Yəqin ki, yaxın vaxtlarda bu istiqamətdə ciddi addımlar müşahidə edilməyə başlayacaq. Ancaq bütün bunlar böyük ehtimalla Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonraya təsadüf edəcək. Yekun sülh sazişinin imzalanması isə təxminən noyabrın sonu və ya dekabrın əvvəllərində reallığa çevrilə bilər. Rəsmi Ankaranın Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün əsas şərti məhz yekun sülh sazişinin imzalanmasından ibarətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə bildirmişdi ki, rəsmi Ankara üçün elə bir ciddi problem yoxdur, Ermənistan Azərbaycanla sülh sazişini imzaladığı təqdirdə, iki ölkə arasında sərhədlər açıla bilər. 

Bu baxımdan, Baş nazir Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində ciddi dəyişikliklərin olduğunu bildirməsi, həm də Azərbaycanla sülh sazişinin imzalanmasına artıq çox yaxınlaşılması anlamı daşıyır".