"Gürcüstanda müzakirə olunan qanun layihəsi qüsurludur"


Tural Abbaslı: "Bir iş adamı hansısa siyasi partiyaya dəstək vermək istəyirsə, bunun qadağan edilməsi doğru deyil"

  Gürcüstan parlamenti “oliqarxsızlaşdırma qanunu”nu I oxunuşda qəbul edib. Hakimiyyət qanun layihəsinin Ukraynadakı bənzəri əsasında hazırlandığını və oxşar məzmuna malik olduğunu bəyan edib. Layihəyə görə oliqarx ictimai həyatda nəzərəçarpan iqtisadi və siyasi çəkisi olan fiziki şəxsdir. Ona görə də oliqarxlar xüsusi dövlət reyestrinə daxil ediləcəklər. Reyestrin yaradılması və tətbiqi də daxil olmaqla əlaqəli qaydalar Gürcüstan parlamenti tərəfindən təsdiq ediləcək. Qanun layihəsinə görə, oliqarx kimi təsdiqlənmiş şəxslərin xüsusilə də siyasi sahə ilə əlaqəli müəyyən maliyyə fəaliyyətləri məhdudlaşdırılacaq. Belə ki, onların siyasi partiyaları dəstəkləmək məqsədilə müəyyən dotasiyalar etməsinə, seçki prosesində siyasi partiyaları, siyasi kampaniyaları maliyyələşdirməsinə, siyasi tələblərlə nümayiş və toplantılar keçirməsinə, həmçinin özəlləşdirmə zamanı dövlətə məxsus genişmiqyaslı müəssisələri satın almasına icazə verilməyəcək. Layihəyə əsasən “oliqarxsızlaşdırma qanunu” tətbiq edildiyi vaxtdan etibarən 10 il müddətində qüvvədə olacaq. 

Xatırladaq ki, “oliqarxsızlaşdırma qanunu”nun qəbul edilməsi Aİ-nin Gürcüstana namizəd statusu verilməsi üçün 12 tövsiyəsindən biridir. Qonşu ölkədəki qanun layihəsi Azərbaycan ictimaiyyətində də müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti eyni qanun layihəsinin bizim üçün də zəruri olduğunu bəyan ediblər.  

  AĞ Partiya sədri Tural Abbaslı isə "Şərq"ə açıqlamasında deyib ki, o, Azərbaycanda nə vaxtsa Gürcüstandakı kimi qanun layihəsinin gündəmə gələcəyinə və qəbul ediləcəyinə inanmır. Partiya rəhbəri düşüncəsinin səbəbini bu cür açıqlayıb: 

"Milli Məclisdə, yəni qanunverici orqanda əyləşən deputatların 70 faizi oliqarxdır. Oliqarxlar adətən dövlətin imkanlarından, resurslarından faydalanaraq varlanan insanlardır. Əslində Azərbaycanda məmurluqdan oliqarxlığa doğru gedən yollar qanunvericiliklə məhdudlaşdırılıb, qadağan edilib. Yəni tam olmasa da, bənzər məhdudiyyətlər bizdə də var. Məsələn, ölkə qanunlarında "vəzifədən sui-istifadə" anlayışı mövcuddur. Əgər bu qanun icra olunarsa və hamı üçün keçərli olarsa, onsuz da vəzifəli şəxslər oliqarxa çevrilə bilməyəcək. O cümlədən siyasətə qoşulan şəxslərin bizneslə məşğul olması ilə bağlı qadağalar var. Amma əfsuslar olsun ki, mühüm qanunlarımız sadəcə kağız üzərində qalır. İcraat isə tamam başqadır". 

T.Abbaslı Gürcüstanda müzakirə olunan qanun layihəsinin də ideal olmadığını, qüsurların mövcudluğunu dilə gətirib: 

"İnsan varlı və zəngindir deyə onun hüquqları məhdudlaşdırıla bilməz. Yəni bir iş adamı hansısa siyasi partiyaya dəstək vermək istəyirsə, bunun qadağan edilməsi doğru deyil. O baxımdan Azərbaycanın bütün qanunları özünəməxsus, spesifik olmalıdır. Bütün qanunlarımızda məqsəd dövlətin və cəmiyyətin inkişafıdır. Bir daha təkrar edirəm, bizdə qanunların keyfiyyətində deyil, icrasında problemlər var".