İran mollaları üçün çətin günlər başlayır



Cənubi Azərbaycanın daxili işi artıq Şimali Azərbaycan üçün də prioritet olacaq

"Ermənistanın müxtəlif yerlərdə konsulluq və diplomatik ofislər açması ilk növbədə Azərbaycanı qıcıqlandırmaq məqsədi güdür"

  Ermənistan Təbrizdə konsulluq açacaq. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib. O, Təbrizlə yanaşı, Rusiyanın Vladiqafqaz şəhərində də konsulluq açılacağını, Kipr və Serbiyada isə diplomatik ofislərin təşkil ediləcəyini əlavə edib. 

  Siyasi şərhçi Azər Qasımov "Şərq"ə deyib ki, İranın Ermənistanda konsulluq açmasının diplomatik əlaqələrin inkişafı ilə heç bir əlaqəsi yoxdur. Analitik bildirib ki, Təbrizdə Ermənistan konsulluğunun açılmasına heç bir məntiqi açıqlama vermək mümkün deyil: 

"Təbrizdə nə qədər erməni yaşayır ki, əlavə konsulluğa ehtiyac yaransın?! İranın müsəlman ölkəsi kimi Şuşada, Füzulidə, 30 ilə yaxın erməni işğalında qalan ərazilərimizdə konsulluq açması daha məntiqli olardı. Amma İran konsulluğu Qafanda açdı. Həm də öz məqsədini gizlətmədən, Azərbaycana güc nümayiş etdirməklə bunu etdi. İranın məqsədi başqadır. Fars rejimi bütün gizli oyunları oynadığına görə indi açıq oynamağa məcburdur. İran rejimi Azərbaycana düşmən olduğunu açıq şəkildə göstərir. İkiüzlü və satqın İran rejiminin uzun illər Ermənistanı gizli şəkildə dəstəklədiyi məlumdur. Rejim Azərbaycanda etnik zəmində qarşıdurma planlayır, buna maddi və mənəvi dəstək verir. Azərbaycan hakimiyyətinə qarşı əsrlərdir birgə yaşadığımız talış və ləzgi xalqlarını üsyana çağırırlar".

  A.Qasımov vurğulayıb ki, Ermənistanın müxtəlif yerlərdə konsulluq və diplomatik ofislər açması ilk növbədə Azərbaycanı qıcıqlandırmaq məqsədi güdür: 

"Ermənistan Kipr və Serbiyanın da adını çəkməklə bunun guya adi addım olduğunu, kimsəyə qarşı yönəlmədiyini deməyə çalışır. İran İrəvanı Təbrizdə konsulluq açmağa məcbur edir. Ermənistan da bunun əhəmiyyətini azaltmaq üçün bir neçə yerdə paralel konsulluq açır. Azərbaycan tərəfi fars rejiminə böyük səbr göstərir, təmkinlə yanaşır, amma səbrin də həddi, sonu olur. Azərbaycan xüsusi təyinatlılarının İranla sərhəd ərazidə təlimlərə başlaması, mərkəzi televiziya kanallarında İranın əleyhinə süjetlərin verilməsi, ən əsası isə DTX-nin İran agentura şəbəkəsinə qarşı həbslərə başlaması onu deməyə əsas verir ki, İran mollaları üçün çətin günlər başlayır. İllərlə etdikləri naxələfliklərin cəzasının çəkilməsi vaxtıdır. Azərbaycan heç vaxt İranın daxili işinə qarışmayıb. Amma görünən odur ki, Cənubi Azərbaycanın daxili işi artıq Şimali Azərbaycan üçün də prioritet olacaq". 

  Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin İranda yaşayan soydaşlarımızın müdafiəsi üçün ciddi addımlar atmasının vaxtı gəlib: 

"İran rejimi sonunu gətirmək istəmirsə, ağlını başına yığsın. Özünü şanlı türk tarixinin İrana bəxş etdiyi böyüklüyə uyğun aparsın. Belə görünür ki, İran dövlətinin adını hər formada batıran, özlərini biabır edən fars şovinizminin sonu yenə türklərin əlindən olacaq".