"Azərbaycan üçün ABŞ-ylə əməkdaşlığı genişləndirmək mütləqdir"
"Azərbaycan-ABŞ arasında siyasi əlaqələrin inkişafı yeni siyasi imkanlar açır". Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, xüsusilə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar fonunda Vaşinqtonun regiona baxışı Azərbaycanın maraqlarına cavab verir:
"Azərbaycana qarşı post müharibə dövründə ciddi siyasi təzyiqlər reallaşır. Rusiyanın Ermənistana dəstək verməklə sülh danışıqlarını pozması, Fransanın pozuculuq fəaliyyəti, İranın hərbi-siyasi və informasiya sahəsində təhdidləri Vaşinqtonun Azərbaycana dəstək verməsi ilə nəticələndi.
Ağ Ev Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Təbii ki, burada Vaşinqtonun geosiyasi maraqları ön plandadır. Rusiya faktoru, İranın təhdidləri ABŞ-nin Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığını labüd edir. Bu istiqamətdə hazırda Vaşinqtonla Bakı arasında siyasi təmaslar var. Amerikanın Azərbaycanı dəstəkləməsi və regionda artan təhdidlər fonunda istənilən dəstəyi verməsi önəmlidir. Bu xüsusda Azərbaycan üçün ABŞ-ylə əməkdaşlığı genişləndirmək mütləqdir".
Ekspert xatırladıb ki, həm Moskva, həm də Paris Qarabağ separatçılarının danışıqlar müstəvisinə daşınması üçün İrəvana dəstək verir:
"Ona görə də İrəvanın sülh müqaviləsinin bağlanması istiqamətində addımlarında tam əks mövqeyi görürük. Vaşinqton və Brüsselin birbaşa Paşinyana təzyiqləri onu Azərbaycanla sülh müqaviləsinin bağlanmasına sövq edə bilər. Rusiya, İran və Fransa ABŞ, Türkiyə və Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə təsir etməyə çalışır. Bu toqquşmada Paşinyan Moskva və Parisin yanında yer alıb".