30 il susublar

İndi BMT-dən səslənən fikirlər Azərbaycanı maraqlandırmır

“Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər”

“Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək”


Ermənistan tərəfinin iddiası ilə BMT-nin Təhlükəsizlik Şurasında Laçın yolundakı aksiya müzakirəyə çıxarılıb. Müzakirədə BMT rəsmiləri, şuraya üzv dövlələrin nümayəndələri, eləcə də Ermənistan və Azərbaycanın təmsilçiləri çıxış ediblər. Qurumun baş katibinin köməkçisi Miroslav Yença öncə tərəflər arasında indiyədək aparılmış vasitəçilik və dialoq səylərini alqışlayıb. Diplomatik təmaslara baxmayaraq, Laçın yolunda yaranmış durumdan "təəssüfünü" ifadə edən Yença həm Ermənistan, həm də Azərbaycan tərəfinin BMT rəhbərliyinə məktublar ünvanladığını və bu məktublarda durumun fərqli təsvirini qeyd edib. Rusiya sülhməramlılarına istinad edən BMT rəsmisi bəzi humanitar və tibbi ləvazimatların yoldan keçdiyini qeyd edərək ehtiyacı olan əhalinin sərbəst hərəkət etməsinin və əsas xidmətlərə çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb. 

Daha sonra müzakirədə Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Çin, Amerika Birləşmiş Ştatlar və digər ölkələrin nümayəndələri çıxış ediblər. Nümayəndələr tərəflər arasında dialoqun gücləndirilməsinə çağırıblar. Amerika səfiri Robert Vud Laçın yolunda yaranan maneələrdən ölkəsinin “dərin narahatlıq” keçirdiyini bildirib. Deyib ki, Laçın yolundan istifadəyə maneələr sülh prosesini geriyə salır. Çıxışların ardınca söz Ermənistan və Azərbaycan nümayəndələrinə verilib. Ermənistanın BMT-dəki daimi nümayəndəsi M.Marqaryan Azərbaycanı “Qarabağ əhalisini qeyri-qanuni blokada”da saxlamaqda ittiham edərək rəsmi Bakının hərəkətlərini 2020-ci il 9 noyabrda imzalanmış üçtərəfli bəyanatın prinsiplərinə zidd adlandırıb. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bütün ittihamlara tutarlı cavab verib. O, Ermənistanın Təhlükəsizlik Şurasından sui-istifadə edərək “manipulyasiya” və saxtalaşdırma” kampaniyası apardığını bildirib. Y.Əliyev bəzi qüvvələrin BMT platformasından istifadə edərək ölkəsinin suverenliyinə və əzazi bütövlüyünə xələl gətirməsinin qəbuledilməz olduğunu söyləyib. O, Qarabağın 30 ilə yaxın Ermənistan qüvvələrinin işğalı altında olduğunu xatırladaraq BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələri diqqətə çatdırıb: "Yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş əmtəə təchizatı və vacib tibbi ləvazimatların daşınmasına heç bir əngəl yoxdur". Azərbaycan rəsmisi İrəvanı Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etməkdə günahlandırıb. Onun sözlərinə görə, bu yoldan istifadə olunmaqla Azərbaycan ərazisində minalar yerləşdirilib və ölkənin təbii resursları istismar olunub: "BMT TŞ-yə üzv dövlətlərin demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə dair çağırış olub. Ermənistanın sözügedən sənədi açıq-aşkar pozduğunu nəzərə alaraq, BMT TŞ-nin üzvlərinin bu cür çağırışları nəhayət, Ermənistan tərəfindən eşidilməli və onlara əməl olunmalıdır. Quruma üzv olan bəzi dövlətlərin qərəzli, birtərəfli mövqe nümayiş etdirməkdən çəkinməməsi dərin məyusluq doğurur. Azərbaycan ərazisinin bir hissəsinə münasibətdə yanlış istinad edilməsi xüsusi narahatlıq mənbəyidir". 

  Şuşa-Xankəndi yolunda keçirilən aksiyada etiraz edənlər də bəyanat yayaraq aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən qərəzli şəkildə təqdim edilməsini qınayıblar. 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər. Analitik qeyd edib ki, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları göstərir ki, izahlarımızı qulaqardına vururlar: "Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq. Sadəcə, diplomatlarımız daha çox çalışsaydılar, nəticə bizim üçün fərqli ola bilərdi. Hadisələrin inkişafının bir neçə variantı var. Birinci odur ki, Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə, biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik? 

Digər yandan hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik. Azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq. 

  Başqa variantlar da mümkündür. Əsas odur ki, yola enmişik  və bölgəyə  silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər. Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik".