Rusiya dünyayla üz-üzədir

Ukrayna yeni silahlara yiyələnib, müharibə şiddətlənəcək

  Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib. Putin bu addımı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb. Ukrayna tərəfi isə Rusiyanın təmas xətti boyunca atəşkəs elan etməsinə mənfi münasibət bildirib. Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Rusiya işğal etdiyi əraziləri tərk etməlidir: "Yalnız bundan sonra müvəqqəti atəşkəs başlayacaq”. 

“Rusiyanın atəşkəs tətbiqi sülh perspektivlərini inkişaf etdirməyəcək”

  Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib ki, Rusiyanın hücumları 36 saatlıq dayandırması qərarı sülh perspektivlərini inkişaf etdirməyəcək. Onun sözlərinə görə, Rusiya öz qüvvələrini həmişəlik geri çəkməlidir: “Rusiya Ukrayna ərazisinə qanunsuz nəzarətindən əl çəkməli və günahsız mülki şəxslərə qarşı vəhşi hücumlarına son qoymalıdır”.

“Putinin atəşkəs elanı informasiya əməliyyatıdır”

  ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildiriblər ki, yanvarın 6-dan 7-dək Rusiya qoşunlarının atəşkəs rejiminə əməl edəcəyi barədə açıqlaması Ukraynanın reputasiyasına xələl gətirmək məqsədi daşıyan informasiya əməliyyatıdır. Təhlilçilərin fikrincə, Putin Rusiya qoşunlarının dincəlməsinə, bərpasına və cəbhənin kritik sektorlarında hücum əməliyyatlarını bərpa etmək məqsədilə öz istiqamətlərini dəyişməsinə imkan vermək üçün onlara fasilə əldə etməyə çalışmış ola bilər. Bu fasilə Rusiya qoşunlarına qeyri-mütənasib şəkildə yararlı olacaq və Ukraynanı təşəbbüsdən məhrum etməyə başlayacaq. Analitiklərin qənaətincə, Putin Ukraynanı barışmaz və danışıqlar üçün lazımi addımları atmaq istəməyən kimi göstərmək üçün atəşkəsə çağırıb. İnstitut qeyd edib ki, bu, əvvəllər Rusiyanın istifadə etdiyi məqsədyönlü informasiya taktikasıdır. Atəşkəsin təşkili və gerçəkləşdirilməsi də vaxt tələb edir. 

“Rusiya qoşunlarının Ukraynadan çıxarılması sülhün yeganə yoludur"

  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Rusiya qoşunlarının Ukraynadan çıxarılması sülh və təhlükəsizliyin bərpasının yeganə ciddi yoludur. O deyib ki, təcavüzkar Kreml, qurban isə Ukrayna xalqıdır: “Birtərəfli atəşkəs elanı qeyri-qanuni ilhaqlar və referendumlar qədər yalan və ikiüzlüdür”.

"Rusiya sülh istəsəydi, qoşunlarını Ukraynadan çıxarardı"

  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, əgər Rusiya sülhə, müharibəyə son qoymağa ciddi yanaşsaydı, qoşunlarını Ukraynanın suveren ərazisindən çıxarardı. Onun sözlərinə görə, Rusiyanın birtərəfli atəşkəs rejimi tətbiq etməsi yeni hücumlar üçün qüvvə toplamaq məqsədi daşıyır. Prays xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken bir neçə həftə əvvəl Rusiyanın yenidən silahlanmaq, qruplaşmaq və hücuma keçmək üçün fasilədən istifadə edəcəyini proqnozlaşdırmışdı: “Biz əminik ki, Rusiyanın hazırkı bəyanatını atəşkəs kimi qiymətləndirmək olmaz”.

BMT baş katibi Rusiya və Ukrayna arasındakı atəşkəsi alqışlayır

  BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna arasındakı atəşkəsi alqışlayıb. Bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib. O qeyd edib ki, tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır: "BMT beynəlxalq hüquq əsasında Ukraynadakı münaqişənin dayandırılmasına kömək etməyə hazırdır. Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bu müharibənin sona çatmasını istərdik və tərəflərin bu məqsədə çatmasına kömək etməyə hazırıq”.

"Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək”

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb ki, Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək. O bildirib ki, bu, daha çox ölüm və daha uzunmüddətli böhran deməkdir: “Atəşkəsdən əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə Türkiyə dialoqun təmin olunması üçün səylərini davam etdirir”. 

"Elan olunan atəşkəsə əməl edilsə də, müharibə yenə davam edəcək"

  Politoloq Sədrəddin Soltan deyib ki, Ukrayna tərəfinin Moskvanın elan etdiyi atəşkəsə razılıq verməməsi rəsmi Kiyevin Rusiyadakı hakimiyyətə etibar etmədiyini göstərir. Ekspert xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də Vladimir Putinlə telefon danışığında qarşı tərəfə Ukraynada birtəfəli qaydada atəşkəs etməsini istəmişdi: "Elan olunan atəşkəsə əməl edilsə də, müharibə yenə davam edir və edəcək. Rəsmi Moskva bu ölkəyə qarşı təbii qaz, elektrik və istilik enerjilərindən də silah kimi istifadə edir. Ukraynanın istilik və elektrik mərkəzlərinin vurulması buna əyani sübutdur. Deməli, Rusiya Ukraynaya raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edir. Bu hərbi əməliyyatlar nəticəsində Ukrayna şəhərləri xarabalığa çevrilir. Bu ilin noyabrına olan məlumata əsasən, Rusiya Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Ukraynanın yaşayış, qeyri-yaşayış və infrasturkturlarına 135,9 milyard dollarlıq birbaşa ziyan dəyib. Cari ilin ilk günü Ukrayna müdafiəçilərinin Donetskin Makeyevka şəhərində keçirdiyi hərbi əməliyyat nəticəsində Rusiyanın 89 hərbçisi ölüb, çoxlu sayda əsgəri yaralanıb. Bu, Rusiyanın bir əməliyyatda verdiyi ilk çoxsaylı itki deyil".  

"Moskva üçün xoş olmayan mənzərə yaranar"

  Analitik qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynaya silah, hərbi texnika və sursat tədarükünü davam etdirir. Bu silahlar ona ərazisini müdafiə etmək məqsədilə göndərilir: "Bununla belə, Böyük Britaniya rəsmiləri bir neçə ay öncə Ukraynaya tədarük etdikləri silah və hərbi texnika ilə Rusiya ərazisinə hücuma icazə verdiklərini bildirmişdi. Almaniya hökuməti isə Rusiyanın hücumuna məruz qalan Ukraynanın ölkə hüdudlarından xaricdə özünü müdafiə məqsədilə əməliyyat keçirmək hüququnun olduğunu bildirib. Rusiya hərbi gəmilərinin imkanlarından ABŞ-ni və müttəfiqlərini hədələmək, yaxud onların maraqlarına zərbə vurmaq üçün istifadə edə bilər. Xüsusilə Aralıq dənizi və Atlantik okeanda bunu etmək mümkündür. Moskva bu addımı atarsa, ona qarşı beynəlxalq koalisiyanın cavabı daha təsriedici və güclü olar. Çünki indiyədək Ukrayna Qərbin verdiyi silah və hərbi texnika ilə Rusiyaya qarşı döyüşür. Bu halda koalisiya da müharibəyə birbaşa cəlb oluna bilər. Ancaq koalisiya Rusiyaya qarşı aksiyaya başlayarsa, Moskva üçün xoş olmayan mənzərə yaranar. Bundan başqa, Ukrayna perspektivdə daha müasir raket və başqa hərbi texnika alarsa, onda Rusiyanın Xəzərdəki və ölkəyə hücum edilən başqa bazalarına da zərbə endirə bilər. Hər halda baş verənlər müharibənin Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazilərinə keçəcəyini ehtimal etməyə əsas verir. Rusiya Ukraynada hücumu sərtləşdirərsə, bumeranqı öz ərazisində görəcək".