Hədəf yalnız yataqların monitorinqi deyil

Laçın yolunda aksiyanın digər məqsədi Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir

  Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləri ilə müxtəlif dövlət və beynəlxalq təşkilatların Azərbaycana təzyiq etməsinə çalışsalar da, niyyətləri baş tutmadı. Onların “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdır” kimi dezinformasiyaları nəticə vermədi. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticəsiz qaldı. Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Lakin hələlik buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı da aktuallaşmaqdadır. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu sualın bir neçə cavabı var. Analitikin fikrincə, birinci variant odur ki, Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar: 

"Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alınması mövzusu aktuallaşacaq.

 İkinci variant isə odur ki, Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monitorinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir. Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. 

Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların  əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. 

Bu, 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür".