Ermənistan təzyiqlərdən qorunmaq üçün Türkiyənin "çətiri altına keçməlidir"


Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb. Bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən iki ölkə arasında hava yolu ilə yük daşımalarına başlanılıb. Daşınmalar ticarət məqsədlidir. 

Bildirilib ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə çatdırılıb. 

Məlum olduğu kimi, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.

 Beləliklə, İrəvan - Ankara əlaqələrində yeni mərhələ başlayıb. Birbaşa hava daşınmaları barədə razılığın əldə olunması da həmin mərhələnin təzahürü kimi qiymətləndirilməlidir.
Əlbəttə, sözügedən razılıq xüsusilə iqtisadi baxımdan Ermənistana hava- su kimi lazımdır. Bu anlaşma Ermənistanın iqtisadiyyatı üçün ciddi töhfə ola bilər. Əlbəttə, bunu yerli hakimiyyət yaxşı anlayır. 
 İkinci bir tərəfdən, razılıq ticarətlə bağlı olduğuna baxmayaraq, sözsüz ki, həm də siyasi məzmun daşıyır. Bu, Ermənistan - Türkiyə münasibətlərinə təsir etməklə yanaşı, həm də İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesinə töhfədir. 

 Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bu İrəvanın Bakı ilə münasibətlərində yeni səhifə deməkdir. 

Rusiya - Ukrayna savaşı, həmçinin Qərbin Moskvaya artan təzyiqləri və İran daxilindəki xaotik durum Ermənistan xarici siyasətində fərqli çağırışlar yaradır. Rəsmi İrəvanın regiondakı mövcudluğunu qoruması üçün Bakı və Ankara ilə münasibətlərin normallaşması şərtdir. Bunu baş nazir Nikol Paşinyan və onun komandası anlayır. 
 Ermənistan kənar təzyiqlərdən qorunmaq üçün Türkiyənin "çətiri altına keçməlidir". Görünür, artıq proses başlayıb. Diplomatik münasibətlərin bərpası istiqamətində yaxın gələcəkdə növbəti addımların atılacağına inanmaq olar. Bildirdiyimiz kimi, bu isə öz növbəsində Ermənistan - Azərbaycan əlaqələrindəki "düyünlərin çözülməsinə", o cümlədən Zəngəzur dəhlizinin açılmasına kömək olacaq.

Kənan Novruzov