Gümrüdəki hadisələr hələ başlanğıcdır

Rusiyanın hərbi bazası qarşısında aksiyaya birbaşa Ermənistanın baş naziri şərait yaradıb

"Növbə Kremlindir. Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar"


  Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilib. Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar. Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən aksiyaçılar Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə şüarlar səsləndirirlər. Aksiyada 100-dən çox adam saxlanılıb. "Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər: "Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”. 

  "Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan polisə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya, onun bu aksiya ilə əlaqəsi yoxdur. Analitikə görə, Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür: 

“Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. Bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz, Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq. Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir. Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan Ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar".