İran tərəfinə diplomatik dillə xəbərdarlıq var

Spikerimiz İran rejiminin iç üzünü çox ustalıqla açıb göstərdi

  Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir. Bildirib ki, iki ölkənin rəsmiləri münasibətləri inkişaf etdirmək üçün çox istəklidirlər: "Regional və qlobal arenada bir-birimizlə yaxşı münasibətlərimiz ola bilər. Region ölkələri nə qədər yaxın olarsa, bölgə üçün bir o qədər yaxşıdır. Qeyri-regional ölkələr bu sahəyə müdaxilə etməməlidir”. 

İranlı spiker “Qafqaz regionunda sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik” deyib. Qafarova isə öz növbəsində vurğulayıb ki, iki ölkəni təkcə coğrafiya və sərhədlərin yaxınlığı birləşdirmir: "Biz müsəlmanıq və İran əhalisinin əksəriyyəti Azərbaycan dilində danışır. İran və Azərbaycan arasında münasibətlərə təsir edən müxtəlif məsələlər var. Biz sülhü və təhlükəsizliyi dəstəkləyirik və regionda sabitlik istəyirik". 

  Politoloq Əlimusa İbrahmov deyib ki, spiker Sahibə Qafarova iranlı həmkarının layiqli cavabını verib. Ekspert bildirib ki, Azərbaycan Parlamentinin sədri iranlı tərəf-müqabilini diqqətlə dinləyib və onun çıxışında toxunduğu məsələlərə öz münasibətini və Azərbaycan hökumətinin mövqeyini bildirib:

 "Sahibə xanım İranın məhz nədən Ermənistanla sərhədlərin dəyişilməsinin İran tərəfindən qəbuledilməz olduğunun, Azərbaycanın İranla 30 il ərzində pozulmuş sərhədlərinin qəbuledilən olduğunun səbəblərini soruşub. 

Təbii ki, iranlı spiker Sahibə Qafarovanın sualları qarşısında cavab verə bilməyib. S.Qafarovanın iranlı spikeri çətin vəziyyətə salan təkcə bu sualı olmayıb. Sahibə xanımın “Biz müsəlmanıq və İran əhalisinin əksər hissəsi Azərbaycan dilində danışır” deməsi bütün İran siyasətçilərinin Azərbaycana qarşı irəli sürdüyü yersiz iddia və böhtanların ən qısa və lokonik cavabı idi. 

Bu cümlə İranın Ermənistanın arxasında dayanmasının nə qədər utancverici və iyrənc olduğunu, molla rejiminin müsəlmanları deyil, işğalçı və separatçıları dəstəkləməsinə ən ağır ittiham idi. Spikerimiz İran rejiminin iç üzünü çox ustalıqla açıb göstərdi. Cümlənin növbəti hissəsində isə İran tərəfinə diplomatik dillə xəbərdarlıq var.

 İran spikerinə ölkəsinin əhalisinin yarıdan çoxunun Azərbaycan dilində danışmasının xatırladılması həm də xəbərdarlıqdır. 
Ümid edirik ki, bu və bu qəbildən olan xəbərdarlıqlardan İran rejimi nəhayət nəticə çıxararaq, Azərbaycanla səmimi münasibətlərə başlayacaq".