Paşinyan Putinə meydan oxudu

Ermənistan KTMT və MDB-dən çıxa bilər

Belə görünür, Ermənistan Moskvanı şantaj etməklə Rusiyanı Laçın yolundakı aksiyaya qarşı addım atmağa sövq etdirmək istəyir


  Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün prosesə start verilib. Baş nazir Nikol Paşinyan ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil. Xatırladaq ki, əvvəlki dönəmlərdə Ermənistan Baş naziri Nikol Paşinyan müxtəlif vasitələrdən istifadə edərək KTMT-dən Azərbaycana qarşı istifadə etməyə cəhd göstərmişdi.

Paşinyan Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid, hətta təhdid etmişdi. O, Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətirilməsini istəmişdi. Son hadisələr onu göstərir ki, Paşinyan hakimiyyəti KTMT-dən çıxmaq və anti-Rusiya mövqeyini daha da artırır. Rusiya İrəvanın KTMT təlimlərini öz ərazisində keçirməsindən imtina etməsinə münasibət bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya İrəvanın bu il KTMT təlimləri keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq: "Düşünürəm ki, KTMT xətti ilə həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. Hər halda Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz, o cümlədən indi çox çətin olan məsələlərlə bağlı dialoqu davam etdirəcəyik”. 

  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb. Analitik vurğulayıb ki, Paşinyanın KTMT yekun Bəyannaməsinə imza atmaması, təlimlərindən imtina etməsi və Gümrüdə Rusiyanın 102-ci hərbi bazası əleyhinə formalaşdırdığı etiraz aksiyaları iki ölkə arasında siyasi böhranı dərinləşdirəcək:

 "Paşinyan Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması sənədinə imza atmaya bilər. Onun əsas siyasi kursu Rusiyanı Ermənistandan tamamilə çıxartmaqdır. Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu baş nazirin mövqelərini gücləndirir və Kremlə qarşı demarşa gətirib çıxarır. Paşinyanın mətbuat konfransında səsləndirdiyi bəyanatlardan Moskvaya münasibət aydın olur".

  Analitik Asif Nərimanlı da vurğulayıb ki, Paşinyan Rusiyaya açıq şəkildə “KTMT və MDB-dən çıxa, 102-ci hərbi bazanı bağlaya biləcəklərinin” mesajını verdi: "Nikol mesajlarının çatdırılmasında özünəməxsus formatdan istifadə edir. Əvvəlcə ata biləcəkləri addımlar haqda ictimai rəy yaradır, daha sonra bundan bəhs edir. 

Ermənistan KTMT və MDB-dən çıxa bilər. Nikol buna o haqda iddianı təkzib üzərindən işarə vurdu. 102-ci hərbi bazanın gələcəyi sual altındadır. Gümrüdəki baza ətrafında “etiraz aksiyası” təşkil olundu, ardınca Paşinyan məsələni gündəmə gətirdi. İrəvan KTMT-yə qarşı ilk həmləsini etdi. 

Belə görünür, Ermənistan Moskvanı şantaj etməklə KTMT-nin sərhəd məsələsinə müdaxiləsinə nail olmaq, Rusiyanı Laçın yolundakı aksiyaya qarşı addım atmağa sövq etdirmək, “müttəfiqləri”ni Bakıya qarşı birləşdirmək istəyir. Lakin İrəvan da anlayır ki, KTMT-nin Bakıya qarşı cəbhədə yer alması, delimitasiya olunmayan sərhəddə baş verənlərə görə Azərbaycana qarşı praktik addımların atılması, eləcə də Laçın yolundakı aksiyanın hədəfinə nail olmadan dayanması ehtimalı azdır.

Bu baxımdan Paşinyan baş verənlərdən Rusiyanın təsirini minimallaşdırmaq və Moskvadan uzaqlaşmaq üçün istifadə edir".