Saakaşvili ömrünü həbsdə tamamlamayacaq

Qərb belə bir kadrın həbsdə çürüməsinə əlini-qolunu sallayıb tamaşa edirsə, böyük yanlışlıq edir

“Gürcüstan hökuməti Saakaşvilinin indiki halına görə peşman olacaq və özlərini bağışlamayacaqlar”


  Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili son bir neçə aydır yatdığı "Vivamedi" xəstəxanasında palatadan reanimasiyaya köçürülüb.
Onunla yaxın münasibətdə olan Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko yanvarın 31-də feysbuk sosial şəbəkəsində Saakaşvilinin vəziyyətinin ağır olduğunu yazıb. Sabiq dövlət başçısının vəziyyətinin ağırlaşdığı üçün reanimasiyaya köçürülməsi faktını eks-prezidentin vəkili Şalva Xaçapuridze də təsdiqləyib.

  Qeyd edək ki, bu günlərdə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Vahid Milli Hərəkat Partiyasının yeni lideri Levan Xabeişviliyə təbrik məktubu ünvanlayıb. Saakaşvili məktubunda Gürcüstanda siyasətlə məşğul olmayacağını bildirib. "Təbrik edirəm, qardaş! Səni yaxın insan və böyük potensialı olan siyasətçi hesab edirəm. Gürcüstanda siyasi fəaliyyət planlaşdırmıram, lakin səni Ukraynadan və digər yerlərdən dəstəkləyəcəm. Bağrıma basıram", - deyə Saakaşvili bildirib.

  Ekspertlərin fikrincə, Mixeil Saakaşvili həbsdə həyatını itirərsə, bu faciənin baiskarı yalnız onu həbsə atan Bidzina İvanişvili və ya bu həbsin sifarişçisi Vladimir Putin olmayacaq, bu günahdan  Gürcüstanın 3-cü prezidentinin həbsxanadakı zillətinə seyrçi qalan gürcü cəmiyyətinə və Gürcüstan hökumətinə yetərli təzyiqlər göstərməyən Qərb ölkələrinə də pay düşəcək.

  Saakaşvilinin sıravi biri olmadığını vurğulayan politoloq Tural İrfan “Şərq”ə açıqlamasında deyib ki, Gürcüstanda normal sivil cəmiyyət və hakimiyyətin qurucusu, prezidentliyi  dönəmində buraxdığı səhvlərdən və islahatlarının yetərli olub-olmamasından asılı olmayaraq müasir gürcü demokratiyasının simvoludur.

  Saakaşvilinin bu vəziyyətə düşməsinə birbaşa Rusiya səbəbkardır. Onun sözlərinə görə, Saakaşvili Qərbə, ABŞ-yə çox inanırdı və hələ də inanır. O hesablamamışdı bu vəziyyətlə üzləşəcəyini: “Saakaşvilinin hazırkı durumu prezident olduğu dönəmdə Rusiyaya qarşı olan mövqeyidir. Ondan açıq-aşkar intiqam alırlar. Gürcüstandakı hakimiyyət dairələri də bu durumu uzatmaqla həm Saakaşvilini azad etməyə görə Rusiyadan çəkinirlər, həm də Saakaşvili sonunu hesablamadığı kimi öz sonlarını da hesablamayıblar. Hesab edirəm ki, Saakaşvili ömrünü həbsdə tamamlamayacaq, qısa zamanda olmasa da, azadlığa çıxacaq, lakin onun Ukrayna və ya hansısa başqa ölkəyə çıxışına qadağa ola bilər. Çünki onun bu anonsları rəqiblərini səfərbər olmağa vadar edir”.

  T.İrfanın sözlərinə görə,  əgər Saakaşvili  həbsdən azad olsa əsla siyasətdən çəkilməyəcək: “Ola bilsin, indi azad olmaq naminə belə anonslar verir. Həm də səhhətində ciddi problemlər var. 

Ola bilsin, sağlam çıxa bilməsin, psixoloji problemləri olsun. Yaxud çıxsın, sonra azadlıqda ona sui-qəsd etsinlər. Odur ki, Saakaşvili barədə əsasən onun etibar etdiyi Qərb dairələri addım atmalıdırlar. Beynəlxalq təşkilatlar onun azadlığı ilə bağlı formal bəyanatlar verincə, yaxşı olar ki, Gürcüstan hökumətinə real təsir etsinlər. Güman edirəm ki, hər bir halda Saakaşvili siyasətdən kənara qala biləsi adam deyil və o, dərhal azadlığa çıxmalıdır. Qərb belə bir kadrın həbsdə çürüməsinə əlini-qolunu sallayıb tamaşa edirsə, böyük səhv edir. Çünki demokratik dəyərləri aşıladığı başqa ölkələrdə də Qərbə qarşı inamını itirə bilər. Qərb, ABŞ demokratik liderləri qorumaq əvəzinə onları belə təhlükəli vəziyyətdə tərk etməməlidir.
  Saakaşvili kimi adamlar təkcə Gürcüstan və Ukraynata deyil, bütün dünyaya lazımdır. Elə şəxslər dünyaya az gəlir. İndən belə inanmıram ki, Gürcüstan ikinci bir Saakaşvili yetişdirə bilsin. Hesab edirəm ki, Gürcüstan Saakaşvilinin indiki halına görə peşman olacaq və özlərini bağışlamayacaqlar”.

  Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Saakaşviliyə qarşı göstərilən bu işgəncə və hüquqazidd münasibət birbaşa onun siyasi fəaliyyəti ilə bağlıdır:

 “Hüquq müstəvisində onun başına gələnlərlə bağlı Gürcüstan hökuməti məsuliyyət daşıyır. Sözün açığı, mövcud gerçəklik fonunda Saakaşvilinin bundan sonra Gürcüstanda, Ukraynada və ya digər bir ölkədə real siyasətlə məşğul olacağını zənn etmirəm.  Azadlığa buraxılacağı təqdirdə o, Gürcüstanı birdəfəlik tərk edəcək. Xarici ölkədə isə  sadəcə müalicəsi ilə məşğul olacaq”.

  Qərb ölkələrinin Saakaşvilinin  taleyinə biganə yanaşdığını vurğulayan politoloq onun Gürcüstan həbsxanasında ölümə tərk ediləcəyini ehtimal edir: 

“Hazırda bütün dünyanın başı Rusiya-Ukrayna müharibəsinə qarışıb.  Bu xüsusda eks-prezidentin həyatı  birbaşa  İvanişvili hakimiyyətinin insafına qalıb. Avropa İttifaqı Saakaşvilinin azadlığını tələb etsə də,  hökumət   bu barədə güzəştə getmədi.  Hökumətin bu israrı fonunda  proses Saakaşvilinin həbsxanada ölümü ilə də nəticələnə bilər”.