“Vardanyan layihəsi” başa çatdı

Onun Qarabağdan getməsi Bakının tələblərinin qəbul ediləcəyi gözləntisini artırır


  Separatçı Araik Arutyunyanın ardınca “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib, daha doğrusu, qaçıb. İnformasiyaya əsasən, onu sülhməramlılara məxsus yük maşınının kuzovunda Qarabağdan Ermənistana aparıblar. Xatırladaq ki, Laçın yolundakı aksiyadan sonra separatçılar arasında gərginlik yaranmışdı və “dövlət naziri”nin istefası mövzusu gündəmə gəlmişdi. "Hraparak" nəşri yazıb ki, Araik Arutyunyan Moskvada olarkən kifayət qədər yüksək səviyyəli görüşlər keçirib. Ona birbaşa deyiblər ki, əgər Vardanyan müdaxilə edirsə, onu işdən çıxarın, "biz təyin etməmişik". 

Qəzetin məlumatına əsasən, Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını bildiriblər: "İndi isə Vardanyan Moskvada ona qarşı münasibətə aydınlıq gətirir". 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağa “rus desantı” kimi atılmış Ruben Vardanyanın Araiklə münasibətlər fonunda “Xankəndidəki siyasi vəziyyəti aydınlaşdırmaq” üçün Moskvaya getdiyi deyilir. Analitikə görə, iki məqam Vardanyanın Xankəndini tərk etdiyi ehtimalını artırır: 

"Rubenin qaçdığı xəbərini yayan mənbə (Caliber) etibarlı hesab edilir.

 Məlumatda qeyd olunur ki, Vardanyan sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan çıxıb və Moskvaya gedib, beləliklə, “Vardanyan layihəsi”ni başa çatmış hesab etmək olar. Hər gün görüşlər keçirən, çıxışlar edən Ruben son iki gündə “gözə dəymir”. Sonuncu dəfə bir neçə gün öncə İspaniya və İtaliya mediasına müsahibə vermişdi. Həmin müsahibədə bildirirdi ki, “Avropa İttifaqı sözdə danışır. Amma əməldə heç nə etmir”; müsahibədə dolayısı yolla mövcud vəziyyətdə “əlindən heç nə gəlmədiyini” deyirdi. Rubendən fərqli olaraq, Araik “yaşamaq” üçün Bakının tələbləri ilə razılaşmağın “tərəfdarı” kimi çıxış edirdi. Vardanyanın getməsi Arutyunyanın separatçı rejimdə nəzarəti yenidən ələ alması deməkdir. Lakin burada məsələ Araik və Ruben yox, Rusiyanın dəyişən mövqeyidir. Mümkündür ki, Moskva Bakı ilə anlaşmaq qərarına gəlib".

  A.Nərimanlı vurğulayıb ki, Vardanyanın Qarabağdan getməsi Bakının tələblərinin qəbul ediləcəyi gözləntisini artırır. Bu tələblər birdən çoxdur:

 "Mədənlərin qanunsuz istismarının dayandırılması, Laçın yolunda “X-ray” skaner cihazlarının quraşdırılması və yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanmasıdır. Təbii ki, bir də Vardanyanın bölgəni tərk etməsidir. Təxminən iki həftə öncə Lavrov danışıqların getdiyini, yaxın günlərdə Laçın yolundakı “problemin” həll ediləcəyini açıqlamışdı. Vardanyan Qarabağdan çıxarılıbsa, artıq tələblərdən birinin yerinə yetirildiyini deyə bilərik və digərlərinin yerinə yetiriləcəyi istisna deyil".