Ermənistan yenə də manevr etmək istəyir

  Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Baş nazir İrakli Qaribaşvili ilə görüşünün detallarını açıqlayıb. Klaar Gürcüstanın İctimai kanalına açıqlamasında İrakli Qaribaşvili ilə Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini müzakirə etdiyini bildirib. O, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlığın daha da artacağına ümidvar olduğunu qeyd edib. Əlavə edib ki, bölgədə sülhün əldə edilməsi üçün hər üç ölkənin birgə səy göstərməsi vacibdir: "Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhü təşviq etməsi çox vacibdir və burada Azərbaycan və Ermənistan arasında körpü rolu oynayan Gürcüstan çox önəmlidir. Baş nazir və mən bu məqsədlə atılmış addımları müzakirə etdik. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə Aİ ilə Gürcüstan, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında daha çox əməkdaşlıq olacaq”. Toivo Klaar Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacib olduğunu, Gürcüstanın hələ də müxtəlif formatlarda yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcəyini deyib. Əlavə edib ki, eyni məkanda yerləşən hər üç ölkə nəqliyyat, enerji, ətraf mühitin mühafizəsi kimi digər sahələrdə əməkdaşlıq etməyə çalışmalıdırlar: "Mən bunun üçün həm indi, həm də gələcəkdə böyük potensial görürəm”. 
  Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanın belə bir format şəklində təklifini təqdir etmək lazımdır. Ekspertə görə, Gürcüstanın vasitəçilik təklifində səmimi olduğu şübhə doğurmur: "Təbii ki, tərəflərin hamısı bu məsələdə səmimi olsa, format hansısa nəticə ilə tamamlana bilər. Amma məsələ ondadır ki, Ermənistan sülh məsələsində səmimi deyil. Səmimi olsaydı, belə bir görüşün harda keçirilməsindən asılı olmayaraq nəticə almaq olardı. Amerikanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlər ən azı bunun üçün əhəmiyyətli platforma idi. Rusiyanın vasitəçiliyinin səmimiliyi şübhəli olduğundan bu barədə danışmaq mənasız olar. Ermənistan yenə də danışıqları uzatmaqla manevr etmək istəyir. Zaman qazanmağa çalışır. Hələ də ümid edir ki, hansısa bir sehirli dəyənək onlara kömək edəcək və onlar düşdükləri bu çətin durumdan heç olmasa az itki ilə çıxacaqlar. Ermənistan cəmiyyətinin təzyiqi Paşinyanı da çıxılmaz vəziyyətə salıb. Paşinyan Qərblə Rusiyanın arasında qalıb. Hesab etmək olar ki, o, hələ bu durumdan çıxmağa hazır deyil. Geosiyasi proseslərin nəticələrinin bütün dünya kimi regionun da taleyinə təsir etməsi məqamını gözləməkdən başqa onun başqa yolu yoxdur. Bu, əslində hamı üçün aktualdır".