Yeni müharibə Ermənistanın süqutu deməkdir - SƏRT AÇIQLAMA


Ermənistandakı revanşistlər, radikal müxalifət Paşinyan hökumətini Qarabağdan, oradakı ermənilərdən tamamilə vaz keçməkdə ittiham edir. Ekspert Benyamin Matevosyan deyib ki, hakimiyyət parlament sədri Alen Simonyan və deputat Qurgen Arsenyanın simasında açıq şəkildə bəyan etdi ki, onları Ermənistan xalqı seçib və onlar yalnız Ermənistan xalqı üçün cavabdehdirlər: 

"Onsuz da Ermənistanın daxili siyasi proseslərinin subyektinə çevrilmək istəməyən Qarabağ özünü Azərbaycanın inzibati ərazi bölgüsünün bir hissəsi olmağa məhkum edib”. Xatırladaq ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qurgen Arsenyan ötən gün demişdi ki, "Ermənistanda 3 milyona yaxın erməni yaşayır və biz Qarabağdakı ermənilər naminə əhalimizi riskə ata bilmərik". Həmçinin Ermənistan Parlamentinin spikeri Alen Simonyan da "sülh sazişində Qarabağ qeyd olunmamalıdır" söyləmişdi. Erməni politoloq Qagik Ambaryan da demişdi ki, "Rusiyanın xarici işlər naziri Sergey Lavrov, heç olmasa, yeddi rayonun işğalından danışır. İndiki hökumət isə de-fakto buna bütün Qarabağı da əlavə edir. Paşinyan hakimiyyəti Qarabağı təslim etməyə hazırdır". 

  Siyasi şərhçi Azər Niftiyev "Şərq"ə açıqlamasında bildirib ki, müharibədən sonra erməni revanşistlər Paşinyan hökumətinə qarşı açıq mübarizəyə başladılar. Ekspert vurğulayıb ki, revanşistlər Paşinyanı "Qarabağı Azərbaycana qaytarmaqda" ittiham edirlər: "İşğal altındakı rayonlarımız müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilib. Revanşistlər isə məğlubiyyəti bir fürsətə çevirmək və öz məqsədlərinə nail olmaq üçün Paşinyan hökumətinə hücuma başladılar. Müəyyən mənada məqsədlərinə çatdılar və ölkədə növbədənkənar parlament seçkisi keçirildi. Paşinyan seçkidə qələbə qazansa da, revanşist qüvvələrin fəaliyyəti dayanmadı. Çünki Ermənistandan kənar dairələr bölgədə öz məqsədlərinə çatmaq üçün erməni revanşistlərindən təzyiq vasitəsi kimi istifadə edirlər. Qeyd edim ki, Paşinyan da müharibədən öncə Şuşada, Cıdır düzündə rəqs etmiş şəxs idi. Baş vermiş bu qədər hadisədən sonra Paşinyan reallıqla qismən barışmalı idi. Dərk edir ki, yeni müharibə və Qarabağ iddialarında israrlı olmaq Ermənistanın süqutu deməkdir. Ona görə də Paşinyan hökuməti bu istiqamətdə heç bir addım atmır və mövcud reallıqdan doğan açıqlamalar vermək məcburiyyətində qalırlar. Təbii ki, Ermənistan elə bir dövlətdir ki, onlara inanmaq mümkün deyil. Çünki dəfələrlə ikitirəli siyasət yürütdüklərinin şahidi olmuşuq. Bunu davam etdirməyəcəklərinə zəmanət yoxdur".