Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin həqiqətlərini və imkanlarını dünyaya çatdırmaq üçün nüfuzlu beynəlxalq qurumların tribunalarından fəal şəkildə istifadə edir. Belə qlobal platformalardan biri də Münhen Təhlükəsizlik Konfransıdır. Ölkəmiz üçün diplomatik təşəbbüslər platformasına çevrilən Münhen Təhlükəsizlik Konfransı dünyanın yeni təhlükəsizlik arxitekturasına doğru gedən yolda mühüm bir mərhələ kimi səciyyəvi hesab edilir. Ən aktual problemlərdən biri, heç şübhəsiz, geniş mənada Avropanın, yaxud Avrasiyanın təhlükəsizliyi məsələsidir. Azərbaycan artıq həm bu siyasi coğrafiyanın mühüm aktorlarından biri, həm də hərbi-siyasi və enerji təhlükəsizliyi baxımından mühüm ölkəsidir.
Azərbaycan Avropa ilə Asiya arasında təbii-tarixi geosiyasi körpü rolunu bir qədər də dərinləşdirərək onu yeni nəqliyyat və enerji infrastrukturu ilə zənginləşdirməyi bacarıb. Üstəlik, 2020-ci ildən sonra yaratdığı yeni reallıqla regionun strateji açarına sahib olub. Yəni təkcə geoiqtisadi baxımdan deyil, hərbi-strateji baxımdan da bu gün təhlükəsizliyi təmin edən əsas ölkəyə çevrilib. Eyni zamanda bütün bu üstünlüklərə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq gündəmi formalaşdırır. Ona görə də Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün iştirakçıların diqqət mərkəzində idi. Hər il Prezidentin bu mühüm tədbirə dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas da keçirilib. Kristof Heusqenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Həmin gün Prezident İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinken və Nikol Paşinyanla daha bir görüşü də olub. Dövlət başçısının Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ münaqişəsinin tarixi, eləcə də bölgədə sülh imkanları barədə fikirləri qonaqlar tərəfindən maraqla izlənilib. Prezidentin toxunduğu mühüm məqamlar beynəlxalq mətbuatın da diqqətindən qaçmayıb. Moldovanın “Publika” nəşri Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında qarşılıqlı nifrət və düşmənliyə son verilməsi ilə bağlı sözlərinə yer verib: “Biz indi Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, tarixən ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər”. Gürcüstan mətbuatı da Azərbaycan, Ermənistan və Gürcüstan liderlərinin tarixi müzakirəsini geniş işıqlandırıb. “Interpressnews” xəbər saytı Azərbaycan Prezidentinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına, eləcə də Rusiya-Ukrayna müharibəsinin regiona təsirlərinə dair fikirlərinə yer verib. Türkiyənin “Anadolu” xəbər agentliyi də Prezidentin Ukrayna müharibəsinin regiona təsirləri, eləcə də Ermənistan və Azərbaycan arasında düşmənliyin başa çatdırılması, müharibədən iki il sonra yeni səhifənin açılmasının gərəkliliyinə dair fikirlərini müxtəlif dillərdə dərc edib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, çıxışı, xüsusən ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün səmərəli keçməsi bir neçə aspektdən əhəmiyyətlidir. Partiya rəhbəri qeyd edib ki, hər iki liderin ABŞ və Avropa İttifaqının (Aİ) timsalında Qərbin vasitəçiliyinə müsbət yanaşması xüsusilə qeyd olunmalıdır:
"Vaşinqton və Brüsselin öz vasitəçilik təşəbbüslərini davam etdirməsi Cənubi Qafqazda sülh proseslərinin nizama salınmasında Rusiyanın inhisarçılıq cəhdlərinin qarşısının alınması baxımından olduqca önəmlidir. Kremlin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsini öz monopoliyasında saxlamaq və prosesi süni surətdə ləngitmək niyyətləri baş tutmayacaq. Digər vacib məqam Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif etməsi ilə bağlıdır. Təklifə əsasən Ermənistan-Azərbaycan sərhədində (Laçın yolunda) ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Prezident üçtərəfli görüşdən sonra Münhendə televiziya kanallarına müsahibəsində bu təklifi dəyərləndirərkən haqlı olaraq qeyd etdi ki, bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında önəmli amildir:
"Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”. Bu təklifin irəli sürülməsi bir daha onu göstərir ki, Laçın yolunun sonunda sərhəd və gömrük xidmətinin fəaliyyətə başlamasını təmin etmək Bakı üçün prioritet istiqamətlərdən biri sayılır. Nikol Paşinyanın bu təklifi qəbul etməyə meyilli olub-olmamasından asılı olmayaraq, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılacağı labüddür".
Ə.Hüseynova görə, İrəvan bu təklifi geri çevirə bilməz:
"Əgər Ermənistan Zəngəzur dəhlizi istiqamətində sərhəd-gömrük postları təsis edibsə və Azərbaycan vətəndaşlarının həmin dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanılacağı bəyan edilibsə, deməli, biz də buna adekvat olaraq Laçın yolu vasitəsilə Azərbaycan ərazisinə və ya Ermənistana keçmək istəyənlərin sənədlərinin yoxlanılacağını bildirməliyik. Dövlət başçısının Münhen görüşündə belə bir təklifi səsləndirməsi də Bakının bu məsələdə qərarlılığını göstərir. Bu, belə də olmalıdır və biz bu mövqeyi dəstəkləyirik. 2020-ci il 10 noyabr bəyanatının şərtlərinə əsasən, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması eyni prinsiplər üzərində həyata keçirilməlidir. Burada ermənilərə hər hansı bir güzəştdən söhbət belə gedə bilməz. Ermənistan bizim prinsipial mövqeyimizlə razılaşmalıdır".