Avropa İttifaqının missiyası mülki yox, hərbidir

Qulamhüseyn Əlibəyli: “Aİ-nin və Fransanın əsas məqsədi bütövlükdə Ermənistan sərhədlərini nəzarətə götürməkdir”



  Avropa İttifaqı (Aİ) bazar ertəsi Ermənistanda iki il müddətinə mülki missiyasının işə başladığını elan edib. Məlumatda qeyd olunub ki, missiya ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi fəaliyyət göstərəcək. Missiyanın tərkibində 50-yə yaxın silahsız müşahidəçi də daxil olmaqla 100 nəfər adam olacaq. Onun operativ qərargahı Yexeqnadzorda yerləşir. Mülki əməliyyatın komandiri Aİ Xarici İşlər Xidmətindən Stefano Tomat, missiyanın rəhbəri Markus Ritter olacaq. Missiyanın bəyan etdiyi məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək və Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün Aİ tərəfindən əlverişli mühiti təmin etməkdir. Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz bildirib. 

Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərbi mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da yeni missiyanın mülki xarakter daşımasına şübhə ilə yanaşıb: "Avropa İttifaqının və bütövlükdə Qərbin bizim müttəfiqimiz olan Ermənistanda öz mövqeyini bütün vasitələrlə gücləndirməyə can atmasının şahidi olmağımız təəssüf ki, artıq ilk dəfə deyil. 

Biz bu cəhdlərin müstəsna olaraq Cənubi Qafqazda münasibətlərin real normallaşdırılması maraqlarından uzaq geosiyasi fonunu görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və onu təhlükəsizliyinin əsas zəmanətçisi kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bu təşəbbüsə dair Bakı tərəfindən açıq şəkildə ifadə olunan mənfi qiymətləndirməyə də məhəl qoyulmur”. O qeyd edib ki, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir: "Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilər". Onun sözlərinə görə, regionda sabitliyin və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış razılaşmalar kompleksidir. Rusiyalı hərbi ekspert İqor Korotçenko da deyib ki, xarici oyunçu olan Avropa Birliyi Ermənistanın əli ilə Cənubi Qafqaza daxil olur. Bu da regionda destruktiv və sabitliyi pozmağa yönəlmiş rol oynayacaq. Ekspertin fikrincə, Avropa Birliyinin (AB) Ermənistanda yaradılmış uzunmüddətli missiyasının tamhüquqlu hərbi missiyaya çevrilməsi və orada hərbi kontingent yerləşdirilməsi ilə bağlı təhlükə var. Politoloq qeyd edib ki, Moskva Qafqazda hadisələrin bundan sonra necə inkişaf edəcəyindən ciddi narahatdır: "Aİ missiyasının mandatı bu ərazilərdəki real vəziyyəti əks etdirmir”. Onun sözlərinə görə, hazırda Bakı ilə Moskvanın mövqeləri arasında fəal yaxınlaşma müşahidə olunur: “Biz birlikdə Fransanın destruktiv dialoq aparmaq istəyinə fəal şəkildə qarşı çıxacağıq. Üstəlik, Ermənistanı Nikol Paşinyanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün birgə işləməliyik”.

  Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli "Şərq"ə açıqlamasında bildirib ki, Avropa İttifaqının missiyası mülki yox, hərbidir. Partiya rəhbərinin sözlərinə görə, Aİ-nin və Fransanın əsas məqsədi bütövlükdə Ermənistan sərhədlərini nəzarətə götürməkdir: "Hazırda Ermənistan sərhədləri birbaşa Rusiyanın nəzarəti altındadır. 

"Mülki missiya" adı ilə keçmiş hərbçilərin Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi o deməkdir ki, Avropa İttifaqı Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq istəyir. Moskvanın narazılığının səbəbi budur. 

Bəs Azərbaycan tərəfi niyə etiraz edir? Məlumdur ki, hələ Azərbaycan-Ermənistan sərhədləri müəyyənləşməyib. Sərhədlərin demarkasiya və delimitasiya prosesi sona çatmayıb. 

Dəqiqləşməyən sərhədlərdə başqa ölkələrin missiyasının yerləşdirilməsi yolverilməzdir. İlk növbədə sərhədlər dəqiq müəyyənləşməlidir. Ondan sonra rəsmi Bakının razılığı ilə hansısa missiyanın sərhədə yerləşdirilməsi müzakirə oluna və reallaşa bilər. Çünki indiki missiya, sadəcə, Ermənistan sərhədlərini deyil, həm də Azərbaycan sərhədlərini müşahidə edəcək. 

Bunun üçün rəsmi Bakıdan razılıq şərtdir. Missiyanın birtərəfli qaydada fəaliyyəti Azərbaycanın suveren hüquqlarının pozulmasıdır. Dövlətimizin etirazı bunadır. Ancaq düşünmürəm ki, hansısa ciddi problem yaşanacaq".