Yeni dünya düzəni qurulur, Rusiya rol almayacaq

ABŞ və Qərb bütün dünya üzərində genişmiqyaslı hərbi-siyasi əməliyyat aparır


  Rusiya Prezidenti Vladimir Putinin çıxışı Qərbdə bomba effekti verib. Putin deyib ki, Ukraynadakı xüsusi əməliyyat Rusiyanın müdafiəsi və nasist təhlükəsini aradan qaldırmaq üçün başlayıb. O, Rusiyanın addım-addım qarşısında duran vəzifələri ardıcıl şəkildə həll edəcəyinə əmin olduğunu qeyd edib. Bildirib ki, Rusiya Ukrayna böhranını dinc yolla həll etmək üçün əlindən gələni edib: "Lakin Rusiyanın arxasından tamamilə fərqli ssenari hazırlanıb". Rusiya Prezidenti Ukrayna münaqişəsi ilə bağlı aparılan Minsk razılaşmaları ilə bağlı da danışıb. Onun sözlərinə görə, Qərbin Donbasda sülh arzusu ilə bağlı verdiyi vədlər qəddar saxtakarlığa və yalana çevrilib. 

Putin Qərb ölkələrini fırıldaqçılıqla məşğul olmaqda ittiham edib. Deyib ki, Kiyev nüvə silahı əldə etməyə cəhd edib: "Kiyev və Qərb arasında hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və digər texnikanın tədarükü ilə bağlı danışıqlar hələ xüsusi əməliyyat başlamazdan əvvəl aparılıb. Ukrayna Qərbin əsarətindədir, onu böyük müharibəyə hazırlayıblar". Rusiya liderinin bəyanatına reaksiya özünü çox da gözlətməyib. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Sallivan deyib ki, heç kim Rusiyaya hücum etmir. Rusiyanın Ukrayna və ya başqası tərəfindən hansısa hərbi təhdid altında olması fikrində absurdluq var. Digər qərbli siyasətçilər də bənzər fikir səsləndiriblər. Xatırladaq ki, NATO Baş katibi də Y.Stoltonberq də Putinin çıxışını "Rusiyanın müharibənin yeni mərhələsinə hazırlığı" kimi dəyərləndirmişdi. Məlumat üçün deyək ki, Rusiya rəhbəri ABŞ Prezidenti Co Baydenin Ukrayna səfərindən bir gün sonra çıxış edib. 

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Co Baydenin Kiyevə və Polşaya səfərləri zamanı verdiyi bəyanatlar böyük önəm daşıyır. Həmin bəyanatlarda vurğulandı ki, Ukrayna ordusu əks-hücum əməliyyatına başlayacaq. Ekspert deyib ki, qarşıda dünyanı olduqca ağır günlər, aylar, hətta illər gözləyir: 

"Ağ Ev sahibi Ukrayna savaşının hələ uzun müddət davam edəcəyinin anonsunu verdi. Eyni zamanda Prezident Co Bayden onu da bildirdi ki, yaxın beş il ərzində yeni dünya düzəni qurulacaq və bəşəriyyətin növbəti onilliklər üçün gələcək taleyi dəqiqləşməyə başlayacaq. Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb bütün dünya üzərində genişmiqyaslı hərbi-siyasi əməliyyat aparır. Üstəlik, yeni dünya düzənində indiki Rusiyaya rol ayırmaq niyyəti də yoxdur. Belə vəziyyətdə əsasən iki variantın ön plana çıxa biləcəyi ehtimal olunur. Birinci variantın tərəfdarları hesab edirlər ki, Rusiyanı dünyadan təcrid edib, öz sərhədləri içərisinə sıxışdırılması Qərbin strateji maraqları üçün tamamilə yetərlidir. Digərləri isə Rusiyanın tamamilə parçalanaraq, dünya xəritəsindən silinməsinin vacibliyində israr edirlər. Təbii ki, ikinci variant həm radikal, həm də bütün dünya üçün daha təhlükəli hədəfdir. Çünki parçalanmış Rusiya böyük bir coğrafiyada xaos və uzunmüddətli humanitar fəlakət təhlükəsi vəd edir. Üstəlik, Rusiya coğrafiyası ümumiyyətlə, nəhəng silahlı münaqişə məkanına çevrilə bilər. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Rusiyanın parçalanması minlərlə nüvə başlığına nəzarətin itirilməsi təhlükəsini də vəd edir".
  E.Xalidbəyli vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, Ukrayna savaşının dünya üçün real təhlükə mənbəyinə çevrilmə ehtimalı tamamilə inandırıcı görünür: "Üstəlik, Kreml də Rusiya üçün nəzərdə tutulan bu iki variantın heç birisi ilə barışmaq niyyətində deyil. Əksinə, Kremlin son davranışları və Prezident Vladimir Putinin son açıqlamaları Rusiyanın ən radikal müqavimət variantlarına əl ata biləcəyini göstərir. Belə ki, Rusiya nüvə silahı ilə bağlı bütün beynəlxalq konvensiyalardan çıxdığını artıq rəsmən bəyan edib. Digər tərəfdən, Prezident Vladimir Putinin nüvə silahına malik olan dövlətin savaşda məğlubiyyətinin mümkün olmadığını vurğulaması da açıq təhdiddir. Yəni Kreml sahibi Rusiyanın Ukrayna savaşında məğlub edilməsinə cəhdlər reallığa yaxınlaşarsa, son anda nüvə müharibəsinin qaçılmaz olacağını qabardır. Belə anlaşılır ki, Kreml Rusiyanı xilas etmək üçün bütün dünyanı batırmağa belə hazırdır. Eyni zamanda hazırda Rusiya Ukrayna savaşını qlobal müharibəyə çevirmək istiqamətində də müəyyən cəhdlər etməyə çalışır". 

  Analitikə görə, Kremldə ümid bəsləyirlər ki, əgər Ukraynaya dəstək olan ölkələr özləri birbaşa müharibəyə qoşulmaq məcburiyyətində qalsalar, üzləşəcəkləri fəlakətli situasiyanın qarşısında geri çəkilməyə məcbur olarlar: 

"Ona görə də Ukrayna savaşının daha geniş coğrafiyaya, xüsusilə də Avropaya sıçrama ehtimalını heç bir halda, istisna etmək olmaz. ABŞ siyasi dairələri də bu reallığı artıq nəzərə almağa başlayıblar. Prezident Co Baydenin Ukrayna savaşını başladıqlarına görə Kreml sahibi Vladimir Putini və Rusiya siyasi elitasını beynəlxalq məhkəmə ilə hədələməsi də qətiyyən təsadüfi deyil. Bu hədələmə ilə Rusiya siyasi elitasında parçalanmaya və ziddiyyətlərə yol açmaq niyyəti nəzərə çarpır. Bütün bunları nəzərə aldıqda, yaxın günlərdə Ukrayna savaşı ətrafında bütün dünya üçün daha təhlükəli mərhələyə keçidin baş verə biləcəyi qətiyyən istisna deyil".