Rusiya Qarabağda tək qüvvə olmağa çalışır



Vardanyanı Qarabağ probleminin uzanması üçün Qarabağa gətirən də elə Rusiyadır

 
  Ermənistanın Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir. Bu fikirlərlə rusiyalı siyasi ekspertlər çıxış ediblər. Onların fikrincə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasını uzatması Ermənistanın dövlətçiliyinin faciəvi sonluqla bitməsinə gətirib çıxaracaq. Qeyd olunub ki, Ermənistan ya Azərbaycanın sülh təklifini qəbul edəcək, ya da dövlətçiliyi faciəvi sonluqla bitəcək. Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko APA-ya açıqlamasında Bakı ilə İrəvan arasında sülh sazişinin Prezident İlham Əliyev tərəfindən irəli sürülən beş prinsip əsasında mümkün olduğunu söyləyib: “Ona görə ki, Azərbaycan tərəfinin təklifləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq reallıqlara əsaslanır. Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir. Ona görə də Ermənistan ya sülh sazişini imzalayacaq, ya da baş verə biləcək hadisələr Ermənistanın dövlətçiliyi üçün faciəvi sonluqla bitəcək”. Rusiyalı hərbi ekspertin fikrincə, Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “İrəvan üçtərəfli bəyanatları icra etmir. Soçi və Moskva razılaşmaları icra olunmayıb. Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizini açmaqdan imtina edib. Baxmayaraq ki, bununla bağlı üzərinə öhdəlik götürüb. Ermənistanla Azərbaycanın sərhədləri hələ ki delimitasiya və demarkasiya olunmayıb. Onlar 30 il ərzində işğal altında saxladıqları minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyib. Ermənistan tərəfindən silahlı təxribatlar, anti-Azərbaycan kampaniyası davam edir. Bu fonda Ermənistan tərəfindən xoşməramlı iradə gözləmək çətindir. Ona görə də düşünürəm ki, diplomatiya ilə dəqiq cərrahiyyə-güc metodunun tandemi Ermənistanı sülhə məcbur etmək üçün ən optimal variantdır”. Rusiyalı siyasi ekspert Aleksey Naumov da hesab edir ki, Ermənistan reallığı qəbul etmək əvəzinə Qarabağ ermənilərinə yalan ümidlər verir. Reallıq isə ondan ibarətdir ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da həmin ərazidən getməlidirlər: "Anlaşılandır ki, burada Fransa jandarmından ilhamlanan Paşinyanın addımlarına deyil, 2020-ci ilin müharibəsindən sonrakı dinamikaya baxmalıyıq. Bu dövr ərzində Ermənistan özünü beynəlxalq münasibətlərin aktiv iştirakçısı kimi nüfuzdan salıb. Separatçılara izah olunub ki, onların başqa yolu yoxdur. Laçın yolundakı ekoloji aksiya da bunu onlara əminliklə sübut edir. Bu müddət ərzində Ermənistan Rusiya qarşısında da hörmətini itirib. İrəvan daim vasitəçi və hansısa tərəfdaş axtarışındadır. İlham Əliyev bu ilin əvvəlində aydın şəkildə bəyan edib ki, sülh sazişi masa üzərindədir və bu saziş əbədi olaraq masa üzərində olmayacaq. 
  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Qarabağ məsələsinin Azərbaycan-Ermənistan sülh müqaviləsindən ayrılması məntiqi əslində doğru haldır. Ekspert vurğulayıb ki, Qarabağ Azərbaycanın ərazisi olduğu üçün buradakı məsələnin Ermənistanla razılaşdırılması doğru deyil: "Bu, Azərbaycanın daxili işidir və öz ərazisində yaşayan ermənilərlə Azərbaycan özü məsələni hansısa yolla həll etməyi planlaşdırır. Rusiya isə bu məsələdə qeyri-səmimi davranır. Rusiya əvvəldən Qarabağ məsələsini gələcəyə saxlamağı planlaşdırır ki, bu zaman ərzində Qarabağ ərazisində qalsın. Bu artıq o qədər məlum məsələdir ki, burada heç bir gizli məqamlar qalmayıb. Yəni sadəcə Paşinyan hökumətinin ziddinə gedərək Bakının xoşuna gələn açıqlama verilməsi məntiqi yanlışdır. Rusiya heç vaxt öz maraqlarını kiminsə kaprizlərinə görə qurmur. İmperiya maraqları Rusiyanı idarə edənlərin genlərindədir. Onlar bu fikirlə yatıb-qalxırlar. Rusiya Paşinyana görə Bakıya edilən jestin məsələnin həllinə kömək edəcəyini bilsəydi, bu təklifi dilinə belə gətirməzdi. Rusiya Qarabağda tək qüvvə olmağa çalışır ki, prosesləri oradan idarə etsin. Onillər idi ki, Azərbaycan ərazisinə soxulmaq istəyirdi. Buna hələlik qismən nail olub. Məgər Ruben Vardanyanı Qarabağ probleminin uzanması üçün Qarabağa gətirən Rusiya deyil?".