Ermənistan danışıqlar masasına geri qayıtmalıdır


Britaniya Azərbaycan və Ermənistanı dialoqu davam etdirməyə çağırıb

  Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər və Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub. Görüş zamanı neft, qaz, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın perspektivləri, təhsil və humanitar sahələr ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin dinamik şəkildə inkişaf etdiyini deyib. Rəsmi təmasların və yüksəksəviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir ölkələrimiz arasında enerji sahəsində əlaqələrin xüsusi əhəmiyyətini qeyd edərək Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyasli enerji layihələri haqqında ətraflı məlumat verib. Onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd edib. Böyük Britaniyanın şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub. 

"Ermənistan destruktiv mövqeyindən çəkinməlidir”

  Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar. Nazir Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə məlumat verilib. Bununla yanaşı, qonaq ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə məlumatlandırılıb. Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb. Ermənistanın destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmasının zəruri olduğu vurğulanıb. 

"Azərbaycan-Böyük Britaniya münasibətləri dinamik inkişaf edir"

Böyük Britaniyanın dövlət naziri Leo Dokerti öz növbəsində ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. O, Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Nazir, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.

  Böyük Britaniyanın dövlət naziri Leo Dokerti bildirib ki, London tərəfləri, həqiqətən də, sülh prosesinin və danışıqların davam etdirməsinə çağırır, bunu təşviq edir: “Biz inanırıq ki, irəli doğru getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət ortamda müzakirələr aparmasıdır. Biz artıq açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividendləri, faydası olacaq. Bu gün Azərbaycan hökumət rəsmiləri, nazirlərlə görüşümdə də bu mövzuda müzakirələrimizdən təsirləndim. Hər kəs sülhün olduğu gələcəyi istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə təşviq edir, çağırırıq. Və mən bugünkü səfərimdən çox təsirləndim”. 

"Britaniyanın minatəmizləmə üzrə təcrübəsini Azərbaycanla bölüşürük və bundan qürur duyuruq"

  Leo Dokerti deyib ki, minatəmizləmə sahəsində Azərbaycanla birlikdə çox iş görülüb: "Britaniyanın minatəmizləmə sahəsində zəngin təcrübəsi var. Biz bu təcrübəni Azərbaycanla bölüşürük və bundan qürur duyuruq. Regional vəziyyəti və problemli qonşuları nəzərə alsaq, Azərbaycan cəsarətli addım ataraq Ukraynaya humanitar yardım edib. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Ölkəniz enerji və nəqliyyat sahəsində vacib rol oynayır”. O qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlıq əvvəllər daha çox enerji resurslarına əsaslansa da, indi bu, müxtəlif sahələri əhatə edir və gələcəkdə də daha da şaxələnəcək. Nazir Azərbaycanın “yaşıl enerji” potensialına da toxunaraq qeyd edib ki, artıq bu sahədə əməkdaşlıq başlayıb.

"Çox mürəkkəb qonşuları olan Azərbaycan məsuliyyətlə hərəkət edir"

  Britaniyalı nazir deyib ki, Azərbaycan və Böyük Britaniya arasında münasibətlər çox əladır, yüksək səviyyədədir: "Bizim Azərbaycanla uzunmüddətli əlaqələrimiz var. Xüsusilə də neft-qaz sahəsində əlaqələrimizi qeyd edərdim. BP Azərbaycanda ən böyük xarici investordur. Uzun illər ərzində bu sahədə çox uğurlu əməkdaşlığımız olub. Lakin təbii ki, münasibətlərimiz yalnız bu sahəni əhatə etmir, digər sahələri qeyd edə bilərəm. Məsələn, təhsil, bərpaolunan enerji, digər biznes sahələri, inşaat və s. Bu gün Azərbaycanda bu sahədə fəaliyyət göstərən Britaniya şirkətində oldum. Bizim münasibətlərimiz çox vacib və uğurludur. Biz Britaniya olaraq etiraf edirik ki, Azərbaycanın geostrateji baxımdan çox vacib rolu var. Azərbaycan Avropanı enerji ilə təchiz edir. Azərbaycan İran və Rusiyanın arasında yerləşir, onun çox mürəkkəb qonşuları var, lakin çox məsuliyyətlə hərəkət edir. Biz Azərbaycanla mövcud münasibətlərimizi çox yüksək dəyərləndiririk. Azərbaycan çox dəyərli və etibarlı tərəfdaşımızdır”.

"Hər kəs sülhün olduğu gələcəyi istəyir"

  Leo Dokerti bildirib ki, irəli doğru getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət ortamda müzakirələr aparmasıdır: "Biz artıq açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividendləri, faydası olacaq. Bu gün Azərbaycan hökumət rəsmiləri, nazirlərlə görüşümdə də bu mövzuda müzakirələrimizdən təsirləndim. Hər kəs sülhün olduğu gələcəyi istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə təşviq edir, çağırırıq. Və mən bugünkü səfərimdən çox təsirləndim”.

"Qafqaz regionunda liderlər birlikdə oturub gələcək sülh üçün çalışa bilərlər"

  Nazirin fikrincə, gələcək sülh əməkdaşlığa, deskalasiyaya və münasibətlərin normallaşmasına əsaslanır: “İqtisadi inkişaf baş verəndə, hansı ki bunun üçün də geri qaytarılmış ərazilərdə minaların təmizlənməsi və yaşayışın bərpası lazımdır, bu, dayanıqlı sülh üçün imkan yaradacaq. Regional kontekstdə dəyişiklikləri, Putinin Ukraynada apardığı müharibəni nəzərə alsaq, düşünürəm ki, liderlər xalqları sülh içində yaşamağa cəsarətləndirə bilərlər. Məncə, insanların da istədikləri budur. Biz, həqiqətən də, ümid edirik ki, Qafqaz regionunda liderlər birlikdə oturub deskalasiya üçün, gələcək sülh üçün çalışa bilərlər, çünki bu, xalqların da istədiyi bir şeydir”.