AP qərəzli qətnamə qəbul etməyə hazırlaşır


Ölkəmizi bu cür cılız addımlarla öz yolundan döndərmək istəyənlər əbəs yerə vaxt və enerji itirirlər

“Ermənistanın məğlubiyyətini həzm edə bilməyən, ermənilərdən daha çox erməniçilik edən Avropa Parlamenti Azərbaycana qarşı düşmən yanaşmasından əl çəkmir”


  Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın, guya, Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağ” kimi sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib. Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. 

Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib. Şübhə yox ki, AP-nin vaxtaşırı kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Azərbaycanın apardığı aktiv xarici siyasət və qlobal təşəbbüsləri ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. 

  Son dövrlər AP ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir. Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Müasir səlibçilərə çevrilən AP-nin bir sıra deputatları, irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır. Maraqlısı odur ki, Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür. XXİ əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir. 

Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı dövrdə Avropa Parlamenti niyə susurdu? Sirr deyil ki, AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. AP-nin ölkəmizə qarşı açıq-aşkar qərəzli qətnamələri Avropada yaşayan radikal və Ermənistandakı reallıqları dərk etməyən erməni icmasının maraqlarına xidmət edir. Digər məqam odur ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. O baxımdan AP-nin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə bütövlükdə ziddir və normallaşma prosesinə ziddir.

 Deməli, regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən AP olacaq.

  Millət vəkili Vüqar İskəndərov deyib ki, Ermənistanın məğlubiyyətini həzm edə bilməyən, ermənilərdən daha çox erməniçilik edən Avropa Parlamenti Azərbaycana qarşı düşmən yanaşmasından əl çəkmir. Əksinə, keçən hər gün ərzində bu beynəlxalq qurum Azərbaycana qarşı yeni-yeni addımlar atır: "Avropa Parlamentinin bu cür ermənisevərliyi və belə demək mümkünsə, ermənişüvənliyin arxasında dayanmasında məqsəd bəllidir.

 Lakin bu bədnam qurumda oturan erməni sevdalıları unutmasınlar ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmizi bu cür cılız addımlarla öz yolundan döndərmək istəyənlər əbəs yerə vaxt və enerji itirirlər. Digər tərəfdən, AP haqq-ədalət axtarırsa, o zaman daxilini təmizləsin. Bu təşkilat beynəlxalq aləmdə korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. 

Bu xüsusda, Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır. Bir sözlə, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur”.