Paşinyanın və komandasının məsləhətə ehtiyacı var

NATO-nun keçmiş baş katibi ona görə İrəvanda görüşlərə başlayıb

  "Şimali Atlantika Hərbi Blokunun keçmiş baş katibi Anders Foq Rasmussenin İrəvana səfəri nə ilə əlaqəlidir? NATO-nun keçmiş baş katibini Ermənistanda nə maraqlandırır?". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Şimali Atlantika Blokunun keçmiş baş katibi hazırda “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir: "Rasmussen özü danimarkalı olduğundan təşkilatın baş ofisi Kopenhagen şəhərində yerləşir. Brüsseldə, Berlində, Londonda və Vaşinqtonda ofisləri var.

 Təşkilat təhlükəsizlik, transtlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verirlər. Bu, Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırkı Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. 

Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş Prezidenti Petro Poroşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib. Rasmussenin özü isə Poroşenkonun ştatdankənar müşaviri olub. 

Rasmussenin Poroşenkoya nə qədər uğurlu müşavir olduğu ayrı mövzudur. Əsas odur ki, NATO-nun keçmiş baş katibi Qərbin təhlükəsizlik və iqtisadi institutlarına maraq göstərən dövlət liderlərinə pullu məsləhətlər verir. Deməli, Nikol Paşinyanın və onun komandasının da eyni səpkili məsləhətlərə ehtiyacı var. Rasmussen ona görə İrəvanda görüşlərə başlayıb".