İranın təxribatları artmaqdadır


Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdır

  Bir neçə gün əvvəl İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca irəli-geri uçuş həyata keçirməsi ölkə ictimaiyyətində kəskin reaksiya doğurub. Bununla bağlı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub. Lakin bu addım Tehran hökumətinin "xoşuna gəlməyib". İran XİN sözçüsü Nasir Kənani deyib ki, İranın hərbi təyyarəsi respublika ərazisində olub, uçuş Azərbaycan sərhədindən lazımi məsafədə həyata keçirilib. XİN rəsmisinin sözlərinə görə, rəsmi Tehran Bakının bu addımını xoş niyyət hesab edə bilməz.

Kənani qeyd edib ki, müəyyən edilmiş qaydalara əsasən, bu cür məsələləri ixtisaslaşmış strukturlar həll edir, lakin Bakı bunu etməyib: “Azərbaycan hökumətinin səfiri çağırmasını xoşniyyətli hərəkət kimi qiymətləndirə bilmərik. Tehran Bakı ilə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edir. Biz bu kimi məsələlərin həllini gözləyirik. Mübahisəli məsələlərin mətbuatda və tribunalardan səsləndirilməsi onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil”. İran xarici işlər nazirinin sözçüsü anlamalıdır ki, Azərbaycan “xoş niyyətli olmayan” münasibət sərgiləsəydi, mütləq qırıcılarını havaya qaldırardı. Çünki İran təyyarəsi nəinki sərhədimizə təhlükəli səviyyədə yaxınlaşıb, hətta tam sərhədimizin üstü ilə uçub, həm də çox uzun müddət, 42 dəqiqə. Azərbaycanın iranlı səfiri çağırması, ondan izahat tələb etməsi birbaşa xoş niyyətin sübutudur. Əks halda BMT-yə müraciət edər, İranın bu təcavüzkar cəhdinin beynəlxalq miqyasda müzakirəsini qaldırar, əlavə tədbirlərin görülməsi üçün addımlar atılmasına nail olardı. 

  ABŞ Dövlət Departamenti də İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays deyib ki, İran uzun müddətdir regionda pisniyyətli oyunçu olub:

 “İran həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meyilli regiona nail olaq”.

  Millət vəkili Ceyhun Məmmədov bildirib ki, İranın ölkəmizə qarşı təxribatları artmaqdadır. Deputatın sözlərinə görə, bir neçə gün bundan əvvəl Gəncənin "İran şəhəri", Nizami Gəncəvinin "fars şairi" olması ilə bağlı İran rəsmilərinin iddiaları Tehranın mövqeyini ortaya qoyur: "Azərbaycanla sərhəddə İran təyyarəsinin uçması, sərhədimizi pozması bu fikri bir daha təsdiq edir. Əvvəl də qeyd etdiyim kimi, bir müddət İranın təxribatları müxtəlif formalarda davam edəcək. İranın Azərbaycanla bağlı müxtəlif plan və məqsədlərinin olması hamımıza məlumdur. Münasibətlər gərginləşməzdən əvvəl də İranın rəsmi dairələri Azərbaycanla bağlı fikirlərini açıq bildirirdilər. Onların yanaşması belədir ki, "tarixdə Azərbaycan adında dövlət olmayıb və nə vaxtsa Azərbaycan yenidən İranın nəzarətinə keçəcək". Bu gün bütün təbliğat bunun üzərində qurulub. Hətta bu təbliğat o qədər güclü aparılıb ki, sənəddə azərbaycanlı olan, ancaq düşüncəsi irançılıq ideologiyası ilə zəhərlənən bəzi Azərbaycan vətəndaşları da bu zərərli fikrə dərindən inanıb. Hətta onların düşüncəsinə görə "çox az qalıb, yaxın vaxtlarda Azərbaycanda “Kərimə Dövləti” qurulacaq". Səbəblərdən biri də Azərbaycanın müstəqil siyasət aparmasıdır. İran öz aləmində özünü "bölgənin ağası" hesab edir. Düşünür ki, nə qədər absurd səslənsə də, bölgədə atılan hər bir addım onunla razılaşdırılmalıdır. Bu baxımdan Azərbaycanın İranın Ermənistanla sıx əməkdaşlığına qəti etirazı İran tərəfində ciddi qıcıq yaradır. Onlar Azərbaycanın bu etirazlarını həzm edə bilmirlər".

  Parlament üzvünün sözlərinə görə, İranın Azərbaycanda istədiyi digər məsələ İsraillə əməkdaşlığa son qoyulmasıdır:

 "İran İsrail məsələsi ilə həm İrandakı, həm də Azərbaycandakı təbliğatında ciddi manipulyasiya edir. Davamlı olaraq belə fikir yayır ki, guya, İsrailin Azərbaycanda hərbi bazaları var və bu bazalar İran üçün ciddi təhdidlər yaradır. Əslində burada əsas məqsəd heç bir dövlətin əleyhinə yönəlməyən Azərbaycan-İsrail əlaqələrinin inkişafının qarşısını almaqdır. Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. İranın məqsədi başqa olduğu üçün Azərbaycanın bu açıqlamalarını qəbul etmir. İsrail-Azərbaycan əlaqələrinə gəldikdə bu əlaqələr yuxarıda qeyd olunduğu kimi heç bir dövlətin əleyhinə yönəlməyib. Bu gün Azərbaycanın istənilən dövlətlə beynəlxalq hüquqa əsasən əlaqə və münasibət qurmaq hüququ var.  İranın əsassız arqumentlərinə və məntiqsiz paralellərinə gəldikdə isə bir daha bəyan edirik ki, Ermənistandan fərqli olaraq İsrail İranın torpaqlarını işğal etməyib. Azərbaycan İrandan fərqli olaraq İsraillə İran əleyhinə birləşməyib. 

Ancaq bu gün İran Ermənistanla Azərbaycan əleyhinə birləşib, ona hər cür dəstək, hətta silah belə verir. Bu məsələyə dair yüzlərlə fakt saya bilərik. Əgər İran düşünürsə ki, bu yalan təbliğat və təzyiqlərlə Azərbaycanın mövqeyini dəyişəcək və özünə tam tabe etdirəcək, yanılır. Burada yanaşmasını və mövqeyini dəyişəcək bir ölkə varsa, o da İrandır.

 İran müstəmləkə təfəkkürünə, digər ölkələrə yuxarıdan aşağı və xor baxmağa son qoymalıdır. Bunu etməyənə kimi münasibətlərin normallaşmasını gözləməyə dəyməz. İran tərəf bunu mütləq anlamalıdır. İndi Azərbaycan güclü dövlətdir. 

Eyni zamanda Azərbaycanın hüquq-mühafizə orqanları həddən artıq ayıq-sayaq olmalı, operativ privintiv tədbirlər həyata keçirməli, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. 

Çünki qarşı tərəf davamlı olaraq çevik və situativ addımlar ataraq əməliyyat şəraitini öz xeyrinə dəyişməyə çalışır və bəzi hallarda buna nail ola bilir. Odur ki, çox diqqətli olmalıyıq".