"Qarabağdan Ermənistana gedib-gələnlərin təzə Laçın yolu ilə hərəkət edəcəkləri və yolda nəzarət-buraxılış məntəqəsinin qurulacağı günə çox az qalıb"
Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Bundan öncə ilk görüş Xocalıda baş tutub. Lakin Xankəndidəki separatçı rejim növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib. Onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyiblər.
Həmçinin özlərini “tərəf” kimi təqdim ediblər. Yəni reinteqrasiya prosesinə yaxın durmayacaqlarını vurğulayıblar. Əslində, separatçılardan başqa münasibət gözləməyə dəyməzdi. Çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi. Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin ermənilərin görüşdən imtina etmələri də Bakının əlini gücləndirir. Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanın Qarabağ ermənilərinə Bakıda danışıqların davam etdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. Baş nazir deyib ki, artıq bu təşəbbüsə yekun cavab verilib: "Qeyd olunub ki, danışıqlar eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, eyni yerdə aparılmalıdır". Yəni erməni baş nazir də separatçıların çaldığı havaya oynayıb.
Millət vəkili Sahib Alıyev bildirib ki, Prezident Administrasiyasının Qarabağdakı hayların təmsilçilərini Bakıda keçirilməsi planlaşdırılan ikinci görüşə dəvətinə separatçıların "xarici işlər nazirliyi"nin "yox" cavabı bizim üçün heç bir anlam daşımır. Deputatın sözlərinə görə, hər bir ölkədə olduğu kimi Azərbaycanda da ancaq bir Xarici İşlər Nazirliyi var:
"Bizim mövqeyimiz ortadadır. Prezident Administrasiyasının çağırışı o deməkdir ki, Qarabağdakı hayların təmsilçiləri reinterqasiya istəyirlərsə, buyurub gəlsinlər. Onlara qapımız açıqdır. Əminəm ki, orada elələri var və sayları heç də az deyil. Çox keçmədən səslərini çıxaracaqlar. Qarabağdan Ermənistana gedib-gələnlərin təzə Laçın yolu ilə hərəkət edəcəkləri və yolda nəzarət-buraxılış məntəqəsinin qurulacağı günə çox az qalıb. Yeni marşrutun tam işləməsi üçün Ermənistanda çəkilən 12 km-lik yol artıq hazır kimidir. Əgər haylar onun istismarını qəsdən gecikdirməyə çalışsalar, yenə fakt qarşısında qoyulacaqlar. Bizimlə ancaq rus sülhməramlı kontingentin rəhbəri Volkovun kontrolu altında ünsiyyətə hazır olduqlarını bildirən separatçı ünsürlərə gəldikdə isə, çox maraqlıdır, sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəndə ermənilər hara getməyi planlaşdırırlar?!".