Avropanı dərin sosial-iqtisadi böhran gözləyir


Ona görə Avropa Birliyi ölkələri Ukrayna savaşının sona çatmasında maraqlıdır

“Rəsmi Kiyev də əslində, sülh sazişinin imzalanmasına qarşı deyil. Ancaq rəsmi Kiyev üçün sülh sazişi Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması şərti ilə məqbul hesab olunur”


  Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ukrayna Prezidenti V.Zelenskinin təklif etdiyi 10 maddəlik sülh düsturunu dəstəklədiklərini bildirib. O, Zelenskinin təklifinin ədalətli olduğunu deyib: “Bu təklif  BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur. Biz beynəlxalq ictimaiyyətin bu ideya ətrafında birləşməsinə çalışırıq”. Mişel vurğulayıb ki, məğlubiyyət Ukrayna üçün seçim deyil: “Biz ədalətli sülh üçün Ukraynanı dəstəkləməkdə davam edəcəyik. Aİ Ukraynaya lazımi dəstəyi göstərməlidir. Rusiya sülh üçün müharibəni dayandırmalı və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Təəssüf ki, biz Kremlin bunda maraqlı olduğunu görmürük. Buna baxmayaraq, biz sülh uğrunda mübarizəni davam etdiririk”. Ukraynanın müdafiə naziri Aleksey Reznikov vurğulayıb ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna qədər artıq müdafiəyə hazırlaşır. Onun sözlərinə görə, ruslar xüsusilə Krımda səngərlər qazır, istehkamlar hazırlayır: “Əgər onlar öz xüsusi əməliyyatlarında müdafiəyə keçiblərsə, deməli, bu müharibədə artıq məğlub olublar”. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pet Rayder isə bildirib ki, Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir. Onun sözlərinə görə, əvvəlki uğurları nəzərə alaraq Ukrayna rəhbərliyi qarşıda hələ çox işlərin olduğunu dərk etməlidir. Rayder deyib ki, ABŞ Ukraynanı sursat və hava hücumundan müdafiə sistemi ilə təmin etmək üçün bütün imkanlarından yararlanacaq.
Rusiya-Ukrayna müharibəsi çərçivəsində yaşanan prosesləri "Şərq"ə təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, Avropa Birliyi ölkələri Ukrayna savaşının sona çatmasında maraqlıdır. Çünki bu savaş Rusiya ilə yanaşı, Avropa Birliyini də çətin vəziyyətə salıb. Analitik qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların əsas maliyyə-iqtisadi yükünü məhz Avropa Birliyi ölkələri çəkir: "Bəzi ehtimallara görə, Ukrayna savaşı dayandırılmazsa və sanksiyalar uzun müddət qüvvədə qalarsa, Avropa Birliyi dərin sosial-iqtisadi böhrana düçar ola bilər. Hətta ümumiyyətlə, parçalanıb çökmə təhlükəsi ilə üzləşər. Ona görə də Avropa məkanında Rusiya ilə sülh sazişinin tərəfdarları kifayət qədərdir. Rəsmi Kiyev də əslində, sülh sazişinin imzalanmasına qarşı deyil. Ancaq rəsmi Kiyev üçün sülh sazişi Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması şərti ilə məqbul hesab olunur. Bu baxımdan, rəsmi Kiyev Çinin 12 maddəlik sülh sazişi təklifini dəstəklədiyinə yönəlik mesajlar verməyə çalışmışdı. Çünki Çin öz sülh təkliflərində beynəlxalq hüquq normalarına istinad edirdi, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını qabardırdı. Təbii ki, Çinin belə təkliflərlə çıxış etməsinin əsas səbəbləri məhz Avropa Birliyi kimi, rəsmi Pekinin də Ukrayna savaşından sarsıdıcı zərbələr alması ilə birbaşa bağlıydı. Hər halda, rəsmi Pekin Ukrayna savaşının əsas hədəflərindən birinin elə Çin olduğunu tam dəqiqliyi ilə anlayır". 
  E.Xalidbəylinin sözlərinə görə, ABŞ Ukrayna savaşından yalnız Rusiyanın deyil, Avropa Birliyi və Çinin də maliyyə-iqtisadi cəhətdən sarsıdılaraq, zəiflədilməsi üçün istifadə etməyə çalışır: "Bu baxımdan, hesab etmək olar ki, Ukrayna və Rusiya bu savaşda sadəcə, hərbi alətdirlər. Ağ Evin Ukrayna savaşında əsas hədəfi məhz ABŞ-nin iqtisadi rəqibləri olan Avropa Birliyi və Çindir. Ona görə də Ukrayna savaşının dayandırılması üçün ABŞ yalnız Rusiyanın deyil, Avropa Birliyi və Çinin də sarsılmasını gözləmək niyyətindədir. Əks halda, ABŞ Ukrayna savaşının mümkün qədər uzadılması üçün əlindən gələn hər şeyi edəcək.
  Təbii ki, bu baxımdan, ABŞ siyasi dairələrinin istənilən sülh təkliflərinə qıcıqla yanaşması qətiyyən təəccüblü deyil. Ağ Ev öz hədəflərinə çatmamış bu savaşın bitməsinə imkan vermək niyyətində görünmür. Ukrayna ABŞ-nin qərarlarına və siyasi iradəsinə qarşı çıxmaq şansından uzaqdır. Bu isə o deməkdir ki, Ukrayna savaşının nə vaxt dayandırılacağı Kiyevdə deyil, məhz Ağ Evdə müəyyən olunacaq".