Paşinyan öhdəliklərdən qaçmağa çalışır



Yumşaq güclə Xankəndiyə doğru irəliləməliyik

Masada konkret sülh planı, ABŞ və Almaniyanın Fransanı əvəzləməsi heç nəyi dəyişməyəcək


  "Formatı genişləndirək və Azərbaycan-Ermənistan arasındakı müzakirələrə Almaniyanı, ABŞ-ni dəvət edək". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur: "İrəvan Brüssel formatı da daxil olmaqla işi davam etdirməyə razıdır, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsindən başlamaq lazımdır. Praqa danışıqları Brüsseldəki danışıqlardan daha effektiv olub. Əgər Azərbaycan Fransanın Praqa formatında olması ilə razı deyilsə, o zaman format genişləndirilə bilər. Məsələn, Almaniya, ABŞ dəvət edilə bilər". 
  Paşinyanın "təklifi"ni "Şərq"ə dəyərləndirən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın yeganə məqsədi əlavə vaxt qazanmaqdır. Partiya rəhbərinin sözlərinə görə, baş nazir sülh müqaviləsi ilə bağlı mövcud vəziyyətin "çıxılmaz və mürəkkəb" olduğu görüntüsü yaradaraq, İrəvana yönəlik hər hansı təzyiqi önləməyə, öhdəliklərdən qaçmağa çalışır: "Əslində Paşinyan 10 noyabr üçtərəfli sazişindən irəli gələn müddəalara qeyd-şərtsiz əməl etsəydi, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların qurulması istiqamətində səmimi fəaliyyət göstərsəydi, sülhün önündə heç bir əngəl olmazdı və tezliklə müqavilə bağlanardı. Tərəflər arasında müzakirələr getsə, danışıqlar davam etsəydi, üçüncü tərəfə, vasitəçiyə də ehtiyac qalmazdı. Lakin Paşinyan bilərək bunları etmədi və "Qarabağ erməniləri", "Laçın yolu", "zəmanət" və s. bəhanələrlə prosesi dalana dirədi. Erməni baş nazirin "irəliləyiş olduqca fundamental problemlər ortaya çıxır" ifadəsi məntiqsizdir. Baş nazirin iddia etdiyi kimi, "fundamental problemlər" üzə çıxırsa, deməli, danışıqlarda heç bir irəliləyiş yoxdur. Paşinyan manipulyasiya ilə məşğuldur".
  A.Nağı bəyan edib ki, nəticə yoxdur, çünki baş nazir sözdə "sülh sazişi"ndən danışsa da, əməldə min oyundan çıxır: "İndi guya Paşinyan təzə nəsə kəşf edib. Fransaya olan münasibəti bildiyi üçün ABŞ və Almaniya şərtini ortaya atır, onların vasitəçi ola biləcəyini bildirir. Prosesə ümumi yanaşdıqda aydın görünür ki, Vaşinqton və Berlinin vasitəçiliyi də danışıqları irəliyə doğru aparmayacaq. Əgər masada konkret sülh planı, müzakirə mövzusu yoxdursa, ABŞ və Almaniyanın Fransanı əvəzləməsi heç nəyi dəyişməyəcək. Bölgədə Rusiya faktorunu da nəzərə almaq lazımdır. Ona görə də mənasız danışıqlara girməyə, müzakirələrdə vasitəçilərin sayını artırmağa qətiyyən ehtiyac görmürəm. Ermənistan hökuməti qarşısında konkret vaxt qoyulmalıdır. Təyin olunmuş günə kimi İrəvan sülh sazişinə imza atmazsa, təzyiq metodlarını işə salmalı, yumşaq güclə Xankəndiyə doğru irəliləməliyik. Xankəndi bizim nəzarətimizə keçdikdən, sərhədlər gücləndiriləndən sonra İrəvan nə qədər istəsə vaxt uzatmağa çalışar.