Fransa müsəlman dünyasına qarşı mübarizə aparır 


İslamafobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir



  İslamafobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamafobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "İslamafobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti " adlı plenar iclas keçirilib. Plenar iclasda çıxışçılar islamafobiya, onun geniş vüsət alması, yaratdığı problemlər və digər məsələlər ətrafında müzakirə aparıblar. 
  Britaniyanın Lidz Universitetinin Sosiologiya və Sosial Siyasət Məktəbinin rəhbəri, professor Salman Sayyid çıxışında deyib ki, islamafobiya birdən-birə meydana gələn bir problem deyil, bununla bağlı artıq 30 ildən çoxdur araşdırmalar aparılır: "İslamafobiyaya dünyanın istənilən nöqtəsində rast gəlinə bilər. Bu həm müsəlmanların yaşamadığı ölkədə və ya çox yaşadığı ölkələrdə ola bilər. İslamafobiya irqçiliyin, ayrı-seçkiliyin bir növüdür. 11 sentyabr terror aktından sonra ABŞ-də ilk müsəlman bu kontekstdə qətlə yetirilib". Britaniydan olan professor xəbərdarlıq edib ki, islamafobiya gündəlik hadisələrdən soyqırıma qədər gedib çıxa bilər: "Bu arada "Quran" yandırılır, hicab məcburi şəkildə soyundurulur, hava limanında “siz müsəlman olduğunuz üçün ciddi yoxlanışa məruz qalırsınız” və bu kimi təcrübələr ciddi, sistemli hal alır. Təbii ki, digər təhlükəli hallar da ola bilər, məsələn Yeni Zellandiyada törədilən terror aktı kimi". Salman Sayyid qeyd edib ki, islamafobiyada kişilərdən daha çox qadınlar hədəf alınır, ona görə də bu, həm də gender əsaslı məsələdir: "Qadınların ictimai həyatda iştirakına icazə verilmir, hicab taxan qadınlara cəmiyyətdə o, yanlış hərəkət edirmiş kimi davranılır”. 

""Quran"ın yandırılması dini tənqid deyil"

  Salman Sayyid artıq islamafobiyanın yerli səviyyədən çıxaraq qlobal hal aldığını əlavə edib: "Mətbuata gəlincə, artıq onlar bununla bağlı mesajları yayan tərəfə çevrilib. İslamafobiya ilə bağlı elmi tədqiqatlar aparılmalıdır. İslamafobiya din amili ilə bağlı deyil, müsəlmanlıqla bağlıdır. Müsəlmanların aşağılanması cəhdləri ilə bağlıdır. "Quran"ın yandırılması dini tənqid deyil, əksinə, müsəlmanları alçaltmaq, qorxutmaq məqsədi daşıyır və bu, savadsızlıqla da bağlı deyil. İslamafobiya siyasi mücadilədir və ona qarşı birləşməliyik. Elmi dairələrin işi isə ondan ibarətdir ki, buna sistemli yanaşmanı təşviq etsinlər, səthi yanaşmalara imkan vermək olmaz. Biz bu problemin fundamental səbəblərini araşdırmalıyıq. İslamafobiya dünyanın gələcək təhlükəli narratividir".

  Qazaxıstandan gələn İslam Mədəniyyəti üzrə Misir Universitetinin rektoru Məhəmməd əl-Şahhat əl-Cindi "İslamafobiya İslama və Müsəlmanlara qarşı düşmənlik yaradır" mövzusunda çıxışında bildirib ki, islama qarşı nifrət, müsəlmanlara qarşı ikrah aşkardır: "İddia edilir ki, islamın qadınlara qarşı olması ilə bağlı yanlış fikirlər səsləndirilir, biz bu iddialara cavab verməliyik. İslam dialoqu təşviq edir, qadınlara yüksək status verilir, İslamla dincliyə, əmin-amanlığa çağırışlar edilir. Bununla bağlı "Quran"da hədislər var". O deyib ki, islama qarşı planlaşdırılmış addımlar atılır, islama qarşı yanlış təssəvürlər formalaşdırılır. "Hətta müsəlmanların özləri belə bəzən islamı doğru təqdim etmir. Biz bu istiqamətdə işləməliyik". Rektor bildirib ki, bəzən islama qarşı nifrət və kin ifadə azadlığı kimi təqdim olunur ki, bu, qəbuledilməzdir. “Müsəlmanlara qarşı çox sayda addımlar atılır və biz bunların fərqindəyik. İstənilən dinə qarşı addımlar məsuliyyətə cəlb olunmalıdır, amma görünən odur ki, Qərbdə rəsmilər bunda maraqlı deyillər. Müsəlmanlar olaraq dünyanın müxtəlif nöqtələrində sülh içində birgə yaşayış istəyirik. Müsəlmanların öz hüquq və haqlarını ifadə etmək azadlığı var".

"İndi islama qarşı yalan kampaniyası aparılır"

Elm və İncəsənət üzrə Bosniya Akademiyasının Prezidenti, Makedoniyadan gələn iştirakçı Fərid Muhiç "İslamafobiya ilə mübarizə: Qlobal stabillik və sülh üçün zəruri və yetərli şərtlər" mövzusunda çıxış edib. Fərid Muhiç islamafobiyanın səbəbləri və motivləri barədə danışaraq deyib ki, bu, ideoloji layihədir: “İslamafobiyanın bir səbəbi də tarixi faktların saxtalaşdırılması ilə bağlıdır, iddia edilir ki, islam dini Asiyadan gələrək Avropaya müdaxilə edib. İslam Avropaya daxil olduqdan üç əsr sonra Avropanın bir çox yerlərində xristian dini qəbul edilib. Əndəlus və Kordovada islam hakim olarkən orada xristianlığa aid heç bir abidə dağıdılmadığı halda, xristianlıq buraya qayıtdıqdan sonra islam mədəniyyətinə aid nümunələr məhv edilmişdi. İndi islama qarşı yalan kampaniyası aparılır, bunu bir siyasi konsepsiya kimi yürüdürlər. İslam heç vaxt qarşıdurma təşviq etməyib, əksinə, tolerantlığı, dinc birgəyaşayışı təşviq edir. Avropa hətta bəzi dəyərlərini islamdan götürüb. İslamafobiya ilə mübarizə üçün müəyyən əsaslar var: ali mənəvi dəyərlər və insan haqlarına hörmət, insanlığın gələcəyi üçün təhülkəli olan nifrət nitqinə qarşı mübarizə".

  Lester Universitetinin (Böyük Britaniya) nəzdində fəaliyyət göstərən media, kommunikasiya və sosiologiya məktəbinin dosenti İdil Osman bildirib ki, Fransanın müstəmləkə imperiyası dövründən bəri müsəlmanlara münasibətdə yürütdüyü siyasət göstərir ki, rəsmi Paris təkcə bu ölkədə yaşayan müsəlmanlara qarşı deyil, ümumilikdə islam ideyalarına və müsəlman dünyasına qarşı mübarizə aparır”. Onun sözlərinə görə, Fransa müstəmləkəçi dövlət kimi Şimali Afrikanın yerli xalqlarının dini ənənələrini, mədəniyyətini sıxışdırmışdı: “Bu regionda mövcud olan mədəniyyətlərin və dinlərin (əsasən islam) məhvinə sistemli yanaşma var idi və o vaxtdan islamın “demonizasiyası”na başlanılıb”. Osman vurğulayıb ki, Fransada müsəlmanların o qədər də çox olmamasına baxmayaraq, bu ölkənin hökuməti hicab və niqab geyinməyi qadağan edən qanunun qəbuluna qərar verib: “Bu, Fransanın müsəlmanların həyat tərzi üçün təhlükəli olduğunu göstərir”. O əlavə edib ki, bu ayrı-seçkiliyə görə bir çox müsəlmanlar Böyük Britaniyaya köçürlər.

“İslamafobiyanın ən bariz nümunəsi Myanmada baş verənlərdir”

  ABŞ-nin G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Koul Darem bildirib ki, islamafobiyanın ən bariz nümunəsi Myanmada baş verənlərdir: "Fransada islamafobiyanın mövcudluğu əsasən dinin “şəxsi” məsələ kimi qəbul edilməsi, islamın isə daha çox “ictimai” din olması ilə əlaqəlidir. Atributlarını da nəzərə alsaq, islam bir çox cəhətdən ictimai bir dindir. Məsələn, hicab imanı nümayiş etdirir. Bundan əlavə, fransızların sosial həyatda din anlayışı ilə islamın təbliğ etdiyi həyat tərzi arasında fərqlər var". Darem hazırda islamafobiyanın ən bariz nümunəsinin Myanmada baş verdiyini, bu ölkədə insanların öldürüldüyünü, qovulduğunu və əsl soyqırımına məruz qaldığını bildirib: "Belə irrasional və pataloji nifrəti izah etmək çox çətindir. Düşünürəm ki, təhsil çox şeyi dəyişə bilər. Biz stereotipləri qırmalıyıq".

  Türk-Alman Universiteti, Beynəlxalq Əlaqələr və Siyasi Elm Departamentinin rəhbəri Enes Bayraklı islamafobik hadisələri araşdıran təşkilat yaratmağı təklif edib: “Avropadakı müsəlman icmalarla yanaşı, ölkəmizdəki insanları da islam düşmənçiliyi ilə əlaqədar maarifləndirməliyik”. O bildirib ki, 15 mart dünyada islamafobiya ilə mübarizə günüdür: “İslamafobiya ilə əlaqədar artıq bir ədəbiyyat formalaşıb və məsələ akademik səviyyədə araşdırılır. Bu kimi konfranslarda problemi müəyyən qədər müzakirə edirik, lakin araşdırmalarımız xeyli dərindir. Sadəcə, Almaniya islamafobik hadisələri araşdırıb statistikanı aydın şəkildə göstərir. Digər ölkələrin bunu etməməsinin siyasi səbəbləri var. Ona görə də həmin statistikanı apara biləcək bir təşkilatın qurulmasına ehtiyacımız yaranıb. Çünki sözügedən problemlə, cəmiyyətlərdə baş verən hadisələrlə yaxından tanış olmaqla daha düzgün mübarizə üsulu seçmək mümkün ola bilər”.

“Avropada islamafobiya və müsəlmanlara qarşı nifrət nitqi var”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan deyib ki, Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır: "Bizi nə bölürsə, o bizi birləşdirə bilər. Bunun üçün də əməli işlər görülməlidir. İƏT islamafobiyanın artmasından narahatdır. Avropada müsəlmanların terrorçu və istənilməyən miqrantlar olduğunu fikirləşirlər. Ancaq bu, belə deyil. Müsəlmanların əksəriyyəti öz ölkələrinə böyük töhfə verir və onlara qarşı mübarizə konkret tədbirlər planı üzrə aparılmalıdır”.

  ABŞ-nin Ueyn Universitetinin Yaxın Şərq və Qlobal Araşdırmalar kafedrasının dosenti Səid Əhməd Xan deyib ki, bəzi siyasətçilərin müsəlman ölkələri ilə əməkdaşlıq pərdəsi altında islamafobiya gizlənə bilər. O qeyd edib ki, məişət və siyasi səviyyədə olmaqla islamafobiyanın müxtəlif növləri var: “Bəzən insanlar müsəlman ölkələri ilə əməkdaşlığı islamafobiyanın olmamasının əlaməti kimi əsaslandıra bilərlər”. Onun sözlərinə görə, islamafobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir. Ueyn Universitetinin dosenti həmçinin Kanadanın Kvebek əyalətində və Yeni Zelandiyada məscidlərə edilən hücumları xatırladıb.

“İslamafobiyaya qarşı birgə mübarizə aparmalıyıq”

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib ki, dünya ictimaiyyəti islamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır”. O, martın 15-nin Beynəlxalq İslamafobiya ilə Mübarizə Günü elan edildiyini vurğulayıb: "İslamafobiya ilə Mübarizə Gününün təsis edilməsinə niyə ehtiyac var idi? Çünki bu, ksenofobiya və dözümsüzlük kimi problemlərlə bir sırada dayanır". Moratinos konfrans iştirakçılarının iki gün ərzində islama hörmət və islamafobiyaya qarşı mübarizə ilə bağlı mühüm məsələləri müzakirə edəcəklərinə ümidvar olduğunu bildirib.

  İtaliyalı jurnalist, Aralıq dənizi geosiyasəti üzrə ekspert Dominiko Letisiya deyib ki, Korsika dilinin qadağan edilməsi insanları öz dillərinə malik olmaq hüququndan məhrum etməyə bərabərdir: "Korsikanın Bastia şəhər məhkəməsinin dövlət orqanlarında istifadə edilən yeganə dilin fransız dili olması barədə qərarı o deməkdir ki, xalq tərəfindən seçilmiş nümayəndələrin yerli Assambleyada, İcra Şurasında, korsikalıların isə ictimai və gündəlik həyatda doğma dillərində danışmaq hüququ yoxdur". Letisiyanın fikrincə, belə yanaşma zərərlidir, çünki o, mədəni azadlıq əsasında müstəqillik arzusunu qidalandırır. "İnsanların öz dilində danışmaq və öz mədəniyyətlərinə malik olmaq hüququ olmalıdır. Bu məsələ ilə bağlı dialoq və müzakirələr Korsika siyasi reallığının rəngarəng Fransa siyasi sistemi çərçivəsində dinc mövcudluğunu təmin etməyə kömək edə bilər". Ekspert əlavə edib ki, dilin də bir hissəsi olduğu mədəniyyətə qanunvericilik səviyyəsində qadağaların tətbiq edilməsi yalnız rəsmi Paris və Korsika arasında gərginliyi artırır.

"Fransa cəmiyyəti dövlət islamafobiyasına doğru gedir"

  Fransa Milli Mərkəzinin fəxri baş elmi işçisi Fransua Burqat deyib ki, Fransada öz inancınıza xas nəsə etsəniz, bu, qeyri-qanuni sayılacaq. O, islamafobiya ilə mübarizə aparılmasının vacibliyini qeyd edib: "Fransa cəmiyyəti dövlət islamafobiyasına doğru gedir. Bunun əsasən bir neçə səbəbi var: birincisi, ehkamlar arasında çox banal, bəsit rəqabətdir. Amma Fransa artıq xristian cəmiyyət deyil. Biz yaxından baxanda görürük ki, müsəlmanlara qarşı nifrət nitqini ifadə edənlər inanclı xristianlar deyil. Digər səbəb isə Fransadakı üslublu dünyəvilikdir. Amma mən inanıram ki, müsəlmanlar dominant ehkamlarından dönməyiblər. Onlar məhz müstəmləkə imperiyasının övladlarıdır".