Paşinyan Qərbi Azərbaycan İcmasının bəyanatından əndişələnir

Ülviyyə Zülfüqar: “Azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir”

Məhərrəm Zülfüqarlı: “Qərbi azərbaycanlılar indiki Ermənistana tankla, topla qayıtmaqdan danışmır ki...”

  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə ermənilərin Qarabağ ərazilərinə, eləcə də onlara bitişik rayonlara qaytarılması ilə bağlı danışıqlara başlamaq tapşırılıb. Bunu Ermənistan baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Baş nazir bildirib ki, bunun üçün mexanizmlərdən istifadə edilməlidir: "Xarici işlər nazirinə tapşırdım ki, onlar BMT-nin ali komissarı ilə müzakirəyə başlasın”. Paşinyan vurğulayıb ki, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarından çıxarılan ermənilər eyni məsələ ilə bağlı hökumətə müraciət edirlər. Qeyd edək ki, Paşinyan hökuməti Qərbi Azərbaycan İcmasının Ermənistandakı dədə-baba yurdlarına qayıtmağa şərait yaratmaları ilə bağlı müraciətindən sonra "hərəkətə" keçib. Baş nazir Qərbi Azərbaycan İcmasının İrəvan hökuməti ilə görüş tələbini geri çevirərək, bunu "torpaq iddiası" kimi qələmə verib. Həmçinin, iddia edib ki, guya azərbaycanlılar indiki Ermənistandan zorla köçürülməyiblər, özləri "könüllü surətdə" yaşadıqları yeri tərk ediblər. Hətta baş nazir sovet Ermənistanının onlara "konpensasiya ödədiyini" də iddia edib. Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar deyib ki, azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında və Almaniyaya səfəri, Münhen konfransı zamanı azərbaycanlıların Ermənistandan qovulması faktını təkzib etməyə cəhd göstərib: “Baş nazirin diqqətinə çatdırırıq ki, azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir. Ermənistan rəsmiləriQərbi Azərbaycan İcmasının bəyanatlarını "ərazi iddiası" kimi göstərməyə çalışır. Bununla daazərbaycanlılara qarşı nifrət meyilləri yayırlar. 1988-ci ildə 11 gün ərzində 300 mindən çox Qərbi azərbaycanlının qovulması deportasiyanın miqyasını və onun nə qədər sistemli şəkildə təşkil olunduğunu ortaya qoyur". Ü.Zülfüqarlı vurğulayıb ki, onlar sadəcə olaraq yurdlarına sülh yolu ilə qayıtmaq, orada dinc yaşamaq, müqəddəs yerlərini, məzarlıqlarını ziyarət etmək istəyirlər: "Ermənistanın azərbaycanlıları öz torpaqlarından qovması, onların qayıtmasına imkan verməməsi bu ölkənin beynəlxalq təşkilatlar qarşısında insan hüquqları üzrə öhdəliklərinin ciddi şəkildə pozulmasıdır”.

  Tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı "Şərq"ə açıqlamasında bildirib ki, haqlı olmağımıza baxmayaraq, uzun müddət susqun və fəaliyyətsiz qalmışıq. Alimin sözlərinə görə, Qərbi Azərbaycan İcmasının son dönəmdə aktiv fəaliyyəti müsbət haldır: 

"Etiraf edək ki, təbliğata və fəaliyyətə çox gec başlamışıq. Gec də olsa başlamışıqsa, bunu təqdirəlayiq hesab edirəm. Qərbi Azərbaycan İcmasının Paşinyan hökumətindən görüş və müzakirə tələb etməsi doğru addımdır. Bu, onların haqqıdır. Bir ovuc erməninin "öz müqəddəratını həll etmə" haqqını tanıyan, Qarabağda separatçılara dəstək verən böyük dövlətlər yüz minlərlə azərbaycanlının tarixi yurdlarından zorla qovulması faktını görməzdən gəliblər. Biz də əlimizdəki faktlardan yetərli səviyyədə istifadə etməmişik. Paşinyan isə erməni xislətinə yaraşan addımlar atır. İcmanın beynəlxalq hüquqa əsaslanan tələblərini geri çevirərək, absurd iddialarla "adekvat" tələblər irəli sürür. Baş nazir Azərbaycanda vaxtı ilə yaşamış ermənilərdən danışır, amma bir məqamı - say məsələsini unudur. Yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından deportasiya edilməsini, təzyiqlərə, işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini 5-10 erməninin Azərbaycandan köçməsi ilə necə müqayisə etmək olar?! Müqayisə etsələr uduzan ermənilər olacaq. Qərbi azərbaycanlılar indiki Ermənistana tankla, topla qayıtmaqdan danışmır ki? Paşinyan hansı məntiqlə bunu "ərazi iddiası" kimi dünyaya təqdim edir?".
  M.Zülfüqarlı bəyan edib ki, Ermənistan rəhbərliyi hər zaman olduğu kimisaxtakarlıqla məşğuldur: "Nikol Paşinyan iddia etdiyi kimi sülhün əldə olunmasında maraqlıdırsa, İcma ilə görüş tələbinə normal yanaşmalı idi. Əksi göstərir ki, Ermənistan yenə də hansısa dövlətin himayəsinə arxayın olaraq əvvəlki siyasətini davam etdirməyə çalışır. Bu da İrəvan üçün yaxşı heç nə vəd etmir və erməni xalqını fəlakətə sürükləyir. Ermənilər içində sağlam düşünənlər varsa, dərk etməlidirlər ki, gec-tez qonşu ölkələrlə münasibətlər düzəlməlidir. Əsrlər boyu bir-birinə düşmən olmuş dövlətlər, xalqlar belə problemlərini masa arxasında həll ediblər. İki dünya müharibəsində qarşı cəbhələrdə yer almış Almaniya və Fransa Avropa Birliyində ən yaxın müttəfiq ölkələrdir. Bizdə də əməkdaşlıq üçün imkanlar var, "Qafqaz Evi" ideyası var. Bu ideyanın müəllifi Azərbaycandır. Mən "Qafqaz Evi" haqqında Üzeyir Hacıbəyova istinad edərək bir məqalə də yazmışam. Problemlərdən biri odur ki, ermənilərin taleyi öz əllərində deyil. Gah Fransaya, gah da Rusiyaya meyillənir, özünə "böyük qardaş" axtarır. "Böyük qardaş" da erməniləri öz maraqlarına qurban verir. Digər problem odur ki, ermənilər bölgənin yerli xalqı deyillər, gəlmələrdir. 

Gürcüstanla Azərbaycan arasında heç bir problem yoxdur, çünki iki yerli xalq bir-birini gözəl başa düşür və rahat anlaşırlar. Ermənilərin ağlı olsaydı, çoxdan regional əməkdaşlığın bir parçasına çevrilmişdilər. Ümid edirik ki, ermənilər ağıllanacaq".