Azərbaycana qarşı təxribatlara hazırlıq gedir

Qulamhüseyn Əlibəyli: “Kremlin köməyinə çatan elə özlərinin yaratdığı separatçı qüvvələrdir” 

  Rusiya sülhməramlı kontingentinin Turşsu qəsəbəsi istiqamətindəki müşahidə məntəqəsində üzərində SSRİ gerbi olan qırmızı bayraq qaldırılıb. Bununla bağlı videogörüntülər də yayılıb. Bir müddət sonra bayraq endirilib. Ümumiyyətlə, ötən iki il ərzində Rusiya hərbi kontingenti müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsində çoxsaylı təxribatlara yol verib. Qarabağda rus sərkərdələrinə abidələrin qoyulması, görüş zamanı Xocalıdakı qərargah otaqlarında divarlara sovet generallarının portretlərinin yapışdırılması da bunun bariz nümunəsidir. 

Analitiklərə görə, Qarabağda keçmiş sovet elementlərini sərgiləyən Rusiyanın əsas məqsədi imperiya ambisiyalarını reallaşdırmağa xidmət edir. Ukraynada işğalçı müharibə vasitəsilə keçmiş imperiya sərhədlərini bərpa etməyi planlaşdıran Kremlin başqa ərazilərə baxışı da eynidir. Ancaq şübhə yox ki, Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan və torpaqlarımızın qalan hissəsini azad etdikdən sonra rus heykəlləri də digər SSRİ atributları kimi tarixin zibilliyinə atılacaq. 
  Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli "Şərq"ə bildirib ki, Qarabağda yaşananlar Rusiyanın imperiya maraqlarından irəli gəlir: "Rusiya istəyir ki, köhnə sovet məkanında əvvəlki təsir gücünü qoruyub saxlasın. Təbii ki, belə halda Kremlin köməyinə çatan elə özlərinin yaratdığı separatçı qüvvələrdir. Azərbaycanda həyata keçirilən ssenari vaxtı ilə Gürcüstan, Ukrayna və Moldovada da tətbiq olunub. İndi Azərbaycanda da bənzər səhnəni canlandırmağa çalışırlar. Ancaq bunun qarşısını almağın yolu sadədir. Daha doğrusu, başqa çıxış yolumuz yoxdur. Azərbaycan Ordusu və təhlükəsizlik qüvvələrimiz dərhal antiterror əməliyyatına başlamalıdır. Qarabağdakı qondarma rejim, separatçılar tamamilə məhv edilməlidir. Ərazi bütün erməni silahlılarından təmizlənməlidir. Əks halda Qarabağda erməni və rus təxribatlarının qarşısını almaq mümkün olmayacaq. Qarşıda bizi gözləyən daha böyük faciələrin önünü kəsmək üçün ləngiməməliyik. Erməniləri elə-belə silahlandırmırlar ki? Rusiya qoşunları "sülhməramlı" adı ilə Qarabağa girdiyi gündən ermənilərə silah-sursat daşınır və onlara təlimlər keçirlər.Birmənalı olaraq Azərbaycana qarşı təxribatlara hazırlıq gedir. Separatçılığı diplomatik, hüquqi yollarla aradan qaldırmaq qeyri-mümkündür. Quldurları ancaq silah tətbiq etməklə zərərsizləşdirməliyik. Qarabağda suverenliyimiz bərpa olunandan sonra orada başqa dövlətin elementlərini görməyəcəyik".