Əsəd-Ərdoğan dialoqu aktuallaşır

Ankara üçün effektiv əməkdaşlıq formatı bölgədə Türkiyə-Suriya-İran-Rusiya formatından keçir


  Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb. O, Türkiyə hərbçiləri ölkəsini tərk etdikdən sonra Ərdoğanla görüşəcəyini bildirib. Əsədin fikrincə, bu cür danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır: "Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin Suriya ərazisindən qoşunlarının tam çıxarılması halında olacaq. Suriyada müharibə başlamazdan əvvəl vəziyyət necə idi? Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır”. Suriya Prezidenti həmçinin Suriya ilə Türkiyə arasında münaqişənin həlli məsələsində vasitəçi kimi fəaliyyət göstərdiyi üçün Rusiyaya güvəndiyini bildirib: “Bu məqsədlə Rusiya Suriya ilə birgə işləyir, Cenevrə, Astana və digər formatlarda məsələni həll etməyə çalışır. Bütün bu formatların bir məqsədi var - Suriyada sabitliyi bərpa etmək”.

Əsəd vurğulayıb ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalı və yalnız terrorla mübarizə ilə məhdudlaşmamalıdır. “Terrorizmlə mübarizə bu günün mövzusudur, lakin müvəqqətidir. Rusiyanın hər hansı bir ölkədə hərbi mövcudluğu müvəqqəti heç nəyə əsaslanmamalıdır. Söhbət beynəlxalq balansdan gedir və Rusiyanın Suriyada olması Aralıq dənizində yerləşən bir ölkə kimi dünyada güc balansı ilə bağlı bir məna daşıyır”. 

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan isə deyib ki, prezident seçkiləri öncəsi Türkiyə və Suriya prezidentləri arasında görüş ehtimalı azdır. O bildirib ki, Prezident Ərdoğan, prinsipcə, belə bir görüşün əleyhinə deyil, lakin dağıdıcı zəlzələlər hər şeyi dəyişdi: "Prezidentin bütün iş qrafiki dəyişdirilib. O, həftənin 3 gününü fəlakət zonasında keçirir. Seçkiyə az vaxt qalıb, ola bilər ki, görüş seçkilərdən sonra baş tutsun”. 

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Suriyada proseslər başlayandan rəsmi Dəməşqin əsas müttəfiqləri Rusiya və İran olub. Ekspert vurğulayıb ki, prosesin uzanması və Əsəd hakimiyyətinin vəziyyətə nəzarəti əldən buraxmamasının əsas səbəbkarları da məhz bu iki dövlətdir:

 "Tehranın Dəməşqə kifayət qədər ciddi təsir imkanları var. Amma Rusiyanın mövqeyinin güclənməsi də Dəməşqin maraqlarına cavab verir. Əsədin Kremldən əlavə yardım çağırışını əslində bu formada qiymətləndirmək olar. İranla bağlı vacib proseslər baş verir. Rusiya Ukrayna məsələsində hərbi və maliyyə baxımından kifayət qədər itkilərə məruz qalır. Bu mənada Dəməşq sözügedən iki dövlətin mövqeyinin Suriyada hazırda da güclü olmasında maraqlıdır. Çünki hər hansı bir şəkildə həmin iki dövlətin mövqeləri zəifləyərsə, bu, avtomatik olaraq Suriyada digər qüvvələrin həmin boşluqları doldurmasına gətirib çıxaracaq. Qərb baş verən son proseslər fonunda Yaxın Şərqdə öz mövqeyini gücləndirmək niyyətindədir. Türkiyənin də bölgədə mövqeyi güclənməkdədir. Dəməşqin Rusiyaya etdiyi həmin çağırış da məhz sözügedən məqamlardan qaynaqlanır. Rusiyanın Suriyanın çağırışına müsbət cavab verəcəyini düşünmürəm. Ukrayna müharibəsinin uzanması Rusiyaya hər baxımdan kifayət qədər ciddi itkilər yaşadır. Bunun  fonunda Moskvanın Suriyada çağırışa uyğun adekvat addımlar atacağı bir qədər şübhəlidir. Bəlkə də bu  səbəbdəndir ki, Moskva Türkiyə ilə Suriya arasında vasitəçilik missiyasını oynamaqda əsas vəzifəni öz üzərinə götürüb". 

  Analitik vurğulayıb ki, faktiki olaraq Rusiya Suriyadakı  prosesləri yenə də öz nəzarətində saxlamağa çalışır:

 "Lakin hərbi nöqteyi-nəzərdən Moskvanın Suriyada iştirakını artıracağı inandırıcı görünmür. Suriyada Türkiyə nə qazandısa, sırf Rusiyanın yürütdüyü Suriya siyasətinin nəticəsində əldə edə bildi. ABŞ siyasəti nəticəsində isə Türkiyə ərazisinə 4 milyondan artıq qaçqın aldı, üstəgəl, Suriyada kürd terrorçuları dövlət kimi bir qurum yarada bildi. Ən nəhayət, Suriyanın bütün neft ərazilərini ABŞ ələ keçirdi və ən sonda da İŞİD qalıqlarını Türkiyənin üstünə atdılar. Hazırda bütün hallarda Türkiyə üçün effektiv əməkdaşlıq formatı bölgədə Türkiyə-Suriya-İran-Rusiya formatından keçir. 

Bu baxımdan, Əsəd-Ərdoğan dialoqu aktuallaşır. Əsəd hakimiyyəti ilə barışıb, mübarizə arealını böyütmək və Türkiyə sərhədi boyunca PKK, İŞİD, qaçqın təhlükəsini birdəfəlik qabaqlamaq mümkündür. Seçkiqabağı Ərdoğan bunu edə bilsə, reytinqi artacaq".